Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir.
Müstəqil Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, genişlənən maliyyə imkanları, möhkəmlənən istehsal potensialı və beynəlxalq iqtisadi əlaqələri ölkəmizin dünya iqtisadiyyatında mövqeyini getdikcə gücləndirir. Milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, nəqliyyat-logistika infrastrukturunun müasirləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması Azərbaycanın iqtisadi siyasətinin mühüm istiqamətlərindəndir. Bu gün ölkəmiz yalnız xarici investisiyaların cəlb olunduğu məkan kimi deyil, eyni zamanda, müxtəlif ölkələrin iqtisadi inkişafına töhfə verən, yeni istehsal imkanları yaradan və sərmayə coğrafiyasını genişləndirən investor dövlət kimi də çıxış edir.
Cənab Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata bəyanatında səsləndirdiyi fikirlər bu strategiyanın mahiyyətini və gələcək perspektivlərini aydın şəkildə əks etdirir.
Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşunun ildən-ilə genişlənməsi dövlətimizin iqtisadi imkanlarının artmasının, beynəlxalq tərəfdaşlıq əlaqələrinin dərinləşməsinin və milli maraqlara əsaslanan iqtisadi siyasətin mühüm göstəricilərindəndir. Xarici sərmayələr yalnız maliyyə resurslarının bir ölkədən digərinə yönəldilməsi demək deyil. Bu, eyni zamanda, yeni istehsal müəssisələrinin yaradılması, müasir texnologiyaların tətbiqi, əmək bazarının genişlənməsi, peşəkar kadrların hazırlanması və iqtisadi inkişafın sürətləndirilməsi üçün əlavə imkanlar formalaşdırır. Azərbaycan bu yanaşma ilə beynəlxalq iqtisadi əməkdaşlıqda uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq modelinin inkişafına önəm verir.
Prezident İlham Əliyev bəyanatında Azərbaycanın investisiya siyasətinin əsas xüsusiyyətlərini vurğulayaraq deyib: “Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır. Ona görə eyni yanaşmanı biz ikitərəfli formatda da etmək fikrindəyik, yenə də deyirəm, konkret layihələr bizə təqdim olunarsa.” Dövlət başçısının bu fikirləri Azərbaycanın xarici investisiya siyasətinin həm iqtisadi məzmununu, həm də strateji istiqamətini müəyyənləşdirir. Sərmayələrin coğrafiyasının genişlənməsi ölkəmizin müxtəlif regionlarla iqtisadi əlaqələr qurmaq, yeni bazarlara çıxmaq və tərəfdaş dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan layihələr həyata keçirmək imkanlarını artırır. Bununla yanaşı, investisiyaların nəticəsi yalnız qoyulan maliyyənin həcmi ilə ölçülmür. Əsas məsələ sərmayələrin real iqtisadi dəyər yaratması, istehsal imkanlarını genişləndirməsi və tərəfdaş ölkələrin inkişafına töhfə verməsidir. Cənab Prezidentin bəyanatında yeni iş yerlərinin yaradılması və istehsalat sahələrinin formalaşdırılmasının xüsusi qeyd edilməsi də məhz bu məqamın əhəmiyyətini göstərir.
Laos Prezidentinin Azərbaycana səfəri fonunda bu yanaşmanın ikitərəfli əməkdaşlıq müstəvisində müzakirə edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Laos arasında siyasi münasibətlərin möhkəmlənməsi iqtisadi əlaqələrin inkişafı üçün də yeni imkanlar açır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan tərəfi Laosdan konkret investisiya layihələri təqdim olunacağı təqdirdə onları böyük maraqla nəzərdən keçirməyə hazırdır. Bu mövqe əməkdaşlığın ümumi bəyanatlar səviyyəsində qalmamasına, real iqtisadi təşəbbüslər və qarşılıqlı fayda verən layihələr əsasında inkişaf etdirilməsinə yönəlib.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumitəhsil məktəbinin direktoru
