Gözəllik naminə sağlamlığınızı təhlükəyə atmayın!

Faktum.az xəbər verir ki, qadınların gündəlik baxım rutinində ən çox istifadə etdiyi kosmetik vasitələrdən biri olan dırnaq boyaları dırnaqlara estetik görünüş bəxş etsə də, tərkibindəki kimyəvi komponentlərlə ciddi sağlamlıq riskləri daşıyır.
Mütəxəssislər xüsusilə davamlı və parlaq dırnaq boyalarının tərkibində yer alan “toksik üçlük” – formaldehid, toluol və dibutil ftalat (DBP) maddələrinin həm dırnaq strukturuna, həm də orqanizmə mənfi təsirləri barədə xəbərdarlıq edirlər.
Boyanın sərtləşməsini təmin edən formaldehid kəskin allergiya, dermatit və tənəffüs yollarının qıcıqlanmasına yol açdığı halda, boyanın hamar yayılmasına cavabdeh olan toluol maddəsinin buxarları başağrısı, başgicəllənmə və mərkəzi sinir sistemi pozuntularına təkkan verə bilər. Dırnaq boyasının soyulmasının qarşısını alan dibutil ftalat isə hormon balansını pozaraq xüsusilə hamiləlik dövründə dölün inkişafına mənfi təsir göstərə bilər.
Həmçinin, daimi boya istifadəsi dırnağın təbii nəm balansını pozaraq onun saralmasına, incəlməsinə və təbəqə-təbəqə soyulmasına səbəb olur, təmizləyici asetonlar isə dırnaq ətrafını qurudaraq infeksiya riskini artırır. Dırnaq sağlamlığını qorumaq üçün dırnaqlara müəyyən aralıqlarla istirahət vermək və tərkibində aqressiv kimyəvilər olmayan “3-Free”, “5-Free” kimi təbii etiketli boyalara üstünlük vermək tövsiyə olunur.
