Dünyanın ən sessiz otağı

Microsoft-un insanı öz daxili səsləri ilə baş-başa qoyan əks-sədasız kamerası
Faktum.az xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatında, Microsoft mənzil-qərargahının 87-ci binasında yerləşən anexoik (əks-sədasız) kamera mənfi 20.3 desibel səs dərəcəsi ilə Ginnesin Rekordlar Kitabı tərəfindən “Dünyanın ən sakit yeri” kimi təsdiqlənib.
Xarici aləmdən tamamilə təcrid olunmuş və vibrasiyauducu xüsusi yaylar üzərində inşa edilmiş bu otaq, əslində texnoloji cihazların mikrafon və səs sistemlərini sınaqdan keçirmək üçün yaradılsa da, insan psixologiyasına göstərdiyi qeyri-adi təsirlərlə məşhurlaşıb. İnsan qulağının eşitmə həddi 0 desibel qəbul edildiyi halda, bu otaqdakı səs səviyyəsi havanın molekulyar hərəkət həddinə kəskin şəkildə yaxınlaşır.
Otağa daxil olan şəxs kənar səslər tamamilə yoxa çıxdığı üçün ilk dəqiqələrdə dərin bir sakitlik hiss etsə də, az sonra beynin xarici səs siqnallarını axtarması nəticəsində daxili eşitmə qabiliyyəti kəskin şəkildə güclənir. Ziyarətçilər bir neçə dəqiqə ərzində öz ürək döyüntülərini, damarlarda axan qanın xışıltısını, oynaqların hərəkətini və hətta ağciyərlərin işləmə səsini aydın şəkildə eşitməyə başlayırlar. Səs dalğalarının divarlardan əks olunmaması nəticəsində beynin məkan və tarazlıq qavrayışı pozulur ki, bu da qısa müddətdə başgicəllənməyə, qarabasmalara və dərin təşvişə səbəb olur. Məhz bu psixoloji təzyiq səbəbindən insanların çoxu bu otaqda 45 dəqiqədən artıq qala bilmir və məkanı tərk etmək məcburiyyətində qalır.
