Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi

Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi.
Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində – Araz çayının sol sahilində – cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu 1993-cü il avqust ayının 23-də əzəli düşmənlərimizin tapdağı altına keçmişdir. 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi.
Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdir.
Cəbrayıl rayonu qısa müddət ərzində bərpa olunur və 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayan insanlarımız öz doğma yurdlarına qayıdırlar. Dövlətimizin böyük qayğısı və diqqəti, insanlarımızın qurub-yaratmaq eşqi Qarabağın bu dilbər güşəsini də gözəllik diyarına çevirir.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumitəhsil məktəbinin direktoru
