Cənubi Koreyadan strateji addım

Cənubi Koreya hökuməti, süni intellekt sektorundakı qlobal sıçrayış nəticəsində yarımkeçirici (mikrosxem) sənayesindən əldə edilən rekord həcmdə əlavə vergi daxilolmalarını ölkənin uzunmüddətli inkişafına yönəltmək üçün yeni bir dövlət fondu yaradır.
Faktum.az xəbər verir ki, Cənubi Koreya Prezidentinin Administrasiyasının rəhbəri Kan Hun Sik bəyan edib ki, Li Cze Myunq hökuməti bu əlavə gəlirlərin səmərəli idarə olunması məqsədilə “Gələcəyə Cavab Fondu”nun (Future Response Fund) təsis edilməsini planlaşdırır. Rəsmi Seul yarımkeçirici bumunun yaratdığı bu müvəqqəti və irihəcmli vergi gəlirlərini gələcək nəsillər üçün daimi kapitala çevirməyi və ölkənin iqtisadi strukturunu transformasiya etməyi hədəfləyir. Fondun vəsaitləri ilk növbədə süni intellekt, fiziki süni intellekt, data mərkəzləri və qabaqcıl istehsalat texnologiyaları kimi ölkənin gələcək artım mühərrikləri hesab olunan üç əsas meqalayihənin maliyyələşdirilməsinə xərclənəcək. Bununla yanaşı, toplanan vəsaitlərin bir hissəsi ölkədə getdikcə dərinləşən “K-şəkilli” iqtisadi qütbləşmə ilə mübarizəyə, habelə 20 və 30 yaşlarında olan gənclərin mənzil təminatı, startap layihələri və məşğulluq proqramlarının dəstəklənməsinə yönəldiləcək.
Ekspertlər qeyd edirlər ki, Samsung Electronics və SK Hynix kimi texnologiya nəhənglərinin qlobal AI yaddaş çiplərinə olan tələbat sayəsində qeydə aldıqları rekord mənfəət Cənubi Koreya dövlətinin vergi daxilolmalarını gözləniləndən qat-qat yuxarı səviyyəyə çatdırıb. Hökumət rəsmiləri bu tarixi fürsəti maliyyə intizamsızlığına yol vermədən strateji investisiyalara çevirməkdə qərarlı olduqlarını vurğulayır, fondun idarəetmə strukturu və dəqiq büdcəsi isə yaxın vaxtlarda təsdiqlənəcək dövlət büdcəsi planlamasında öz əksini tapacaq.
