Siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi

Siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulması istiqamətində həlledici mərhələ oldu. Bu Qələbənin mühüm nəticələrindən biri də Kəlbəcərin 2020-ci il noyabrın 25-də işğaldan azad edilərək Azərbaycana qaytarılması idi.
Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi uğurlar Ermənistanı kapitulyasiya aktı xarakteri daşıyan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı imzalamağa məcbur etdi. Sənədə əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilməli idi. Beləliklə, uzun illər işğal altında qalan bu qədim diyar hərbi əməliyyatların davam etdirilməsinə ehtiyac qalmadan siyasi razılaşma əsasında ölkəmizin nəzarətinə qaytarıldı.
Kəlbəcərin qaytarılması Azərbaycanın hərbi uğurlarının diplomatik müstəvidə də təsdiqi idi. Bu hadisə Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, milli maraqlara əsaslanan prinsipial mövqeyinin və Azərbaycan Ordusunun döyüş meydanında qazandığı üstünlüyün məntiqi nəticəsi oldu.
Rayonun azad edilməsi ilə Kəlbəcər şəhəri də daxil olmaqla 147 yaşayış məntəqəsi işğaldan qurtuldu. Bu, minlərlə insanın doğma torpaqlarına qayıdacağı günün yaxınlaşması, dağıdılmış yurdların yenidən qurulması və bölgənin həyatının bərpası demək idi.
Kəlbəcərin Azərbaycana qaytarılması həm də xalqımızın milli birliyinin və sarsılmaz iradəsinin təntənəsi kimi tarixə düşdü. Bu hadisə sübut etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir və heç bir çətinlik milli hədəflərdən geri çəkilməyə səbəb ola bilməz.
Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri həmin tarixi Qələbənin davamıdır. Azad edilmiş torpaqlarda yollar çəkilir, yaşayış evləri və sosial obyektlər inşa edilir, iqtisadi potensialın reallaşdırılması üçün mühüm layihələr həyata keçirilir. Kəlbəcər artıq yalnız qayıdışın deyil, həm də Azərbaycanın quruculuq qüdrətinin rəmzinə çevrilir.
Raqib Əsədov – Zərdab rayonu Alıcanlı kənd sakini
