Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsidir

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsidir
Azərbaycanın ən böyük əraziyə malik rayonlarından biri olan Kəlbəcər həm zəngin təbii sərvətləri, həm əlverişli su ehtiyatları, həm də strateji coğrafi mövqeyi ilə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Əsrarəngiz təbiəti, uca dağları, sıx meşələri, mineral bulaqları və qədim tarixi ilə seçilən bu diyar uzun illər xalqımızın yaddaşında doğma yurd, Vətən sevgisi və torpaq həsrətinin rəmzi kimi qaldı. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər 27 ildən artıq müddətdə düşmən tapdağı altında qaldı. Lakin Azərbaycan xalqı heç vaxt bu torpaqlardan əlini üzmədi, Kəlbəcərin yenidən azad olunacağına və doğma sakinlərinin öz evlərinə qayıdacağına inamını itirmədi.
Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın müasir tarixində ən mühüm hadisələrdən biri oldu. Bu tarixi qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun gücü, qəhrəman əsgər və zabitlərimizin şücaəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində əldə edildi. Uzun illər doğma torpaqlarının həsrəti ilə yaşayan minlərlə kəlbəcərli üçün bu qələbə böyük sevinc, qürur və mənəvi rahatlıq gətirdi. Çünki Vətən torpağının azad edilməsi yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də illərlə ürəklərdə yaşayan bir arzunun gerçəkləşməsi idi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı bir-birinin ardınca işğaldan azad etdi. Ordumuzun döyüş meydanında qazandığı uğurlar Ermənistanın uzun illər davam etdirdiyi işğal siyasətinin iflasa uğraması ilə nəticələndi.
Azərbaycan əsgəri yüksək peşəkarlıq, döyüş ruhu və Vətən sevgisi nümayiş etdirərək düşmənin yaratdığı müdafiə sədlərini yarıb keçdi. Müzəffər Ordumuzun əldə etdiyi uğurlar Ermənistanı məğlubiyyətlə barışmağa və müharibəni dayandırmaq üçün razılığa gəlməyə məcbur etdi.
2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli Bəyanat müharibənin dayandırılmasını və işğal altında qalan bir sıra ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Həmin sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana təhvil verilməsi Ermənistanın üzərinə öhdəlik kimi qoyulmuşdu.
Beləliklə, noyabrın 25-də Kəlbəcər rayonu bir güllə belə atılmadan, əlavə qan tökülmədən Azərbaycana qaytarıldı. Bu hadisə Vətən müharibəsində qazanılmış böyük Qələbənin mühüm nəticələrindən biri idi. Əgər Azərbaycan Ordusu döyüş meydanında gücünü göstərməsəydi, Ermənistanın bu öhdəliyi könüllü şəkildə yerinə yetirəcəyinə inanmaq çətin olardı. Məhz Ordumuzun qələbələri və Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində düşmən işğal etdiyi torpaqları tərk etmək məcburiyyətində qaldı.
Bu baxımdan Kəlbəcərin azad olunması Azərbaycanın yalnız hərbi gücünün deyil, eyni zamanda düzgün qurulmuş dövlət siyasətinin, iqtisadi inkişafının və beynəlxalq münasibətlərdə apardığı məqsədyönlü fəaliyyətin nəticəsi idi.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
