Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti

25 Noyabr 2026, 19:03 Cəmiyyət
728×90

Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti

Ermənistanın Kəlbəcərin işğalından sonra həyata keçirdiyi siyasət yalnız ərazilərin hərbi nəzarətdə saxlanılması ilə məhdudlaşmırdı. İşğalçı dövlət bölgənin demoqrafik mənzərəsini dəyişdirmək, yerli əhalinin doğma torpaqlarına qayıdış imkanlarını çətinləşdirmək və işğalı süni şəkildə legitimləşdirmək məqsədilə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirirdi.

1999-cu ildən etibarən Kəlbəcər rayonunun ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılması bu siyasətin tərkib hissəsi idi. Azərbaycanlı əhalinin zorla didərgin salındığı ərazilərdə başqa əhalinin yerləşdirilməsi beynəlxalq hüququn prinsiplərinə və işğal olunmuş ərazilərin statusunu tənzimləyən normalara zidd idi.

Bu siyasət əslində işğalın nəticələrini möhkəmləndirmək, bölgənin tarixi və demoqrafik reallığını dəyişdirmək cəhdi idi. Halbuki heç bir dövlətin hərbi güc tətbiq etməklə başqa ölkənin suveren ərazisində demoqrafik dəyişikliklər yaratmaq və bununla ərazi iddialarına hüquqi əsas formalaşdırmaq hüququ yoxdur.

Azərbaycan bu qanunsuz fəaliyyətə qarşı beynəlxalq təşkilatlar qarşısında dəfələrlə etirazını bildirmiş, işğal olunmuş ərazilərdə baş verən qanunsuzluqların dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərmişdir.

Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində Kəlbəcərin azad olunması bu siyasətin iflasa uğraması ilə nəticələndi. 2020-ci il noyabrın 25-də Azərbaycan öz tarixi torpaqlarına tam nəzarəti bərpa etdi.

Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı tarixi ədalətin bərpasının real təzahürüdür. Azərbaycan öz torpaqlarında həyatın yenidən canlanmasını təmin etməklə həm də işğal dövrünün yaratdığı ağır nəticələri aradan qaldırır.

 

Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini

728×90
Paylaş: