Tərlan Novxanı: “Səhnədən kənarda sadəcə Tərlanam, populyarlıq isə ya maskanı çıxarır, ya da onu dərinləşdirir”

Sənət yoluna uşaq yaşlarından meyxana və şeirlə başlayan, “Bimar” kimi mahnılarla Azərbaycan hüdudlarından kənarda da geniş dinləyici auditoriyası qazanan Tərlan Novxanı ilə səmimi söhbətdə sənətin pərdəarxası, müəlliflik hüquqları, süni intellektin musiqiyə təsiri və şəxsi həyatla bağlı açıq fikirlər səsləndirilib. Söhbətdə sənətçinin həm səhnə obrazı, həm də gündəlik həyatdakı baxışları diqqət çəkir.

– Tərlan bəy, necəsiz?
– Sağ olun, çox sağ olun. Yaxşı olasız. Salamlayıram sizi izləyən hər kəsi.
– Tərlan Novxanı artıq kifayət qədər tanınmış bir addır. Ona görə “Tərlan bəy kimdir?” sualına girmək istəmirəm, amma izləyicilər sizi səhnədən kənarda da tanımaq istəyər. Hazırda tanıdığımız Tərlan Novxanı ilə gündəlik həyatdakı Tərlan arasında hansı fərqləri görürsüz?
– Qısa və konkret deyim: səhnədə olarkən mən Tərlan Novxanıyam, səhnədən kənarda isə sadəcə Tərlanam. Tərlan Novxanı sənətimlə bağlı bir xarakter, obrazdır, onu ancaq səhnədə göstərə bilərəm. Real həyatda hansısa rola girməyə ehtiyac duymuram, necə varamsa, elə yaşayıram. Sadəcə işimlə bağlı təklif alanda – klipdə, kinoda, xüsusi tamaşada və ya reklam çəkilişində – öz obrazımı oynayıb bacarığımı göstərə bilərəm. Amma ən əsas yenə də oxuduğum mahnılarla və çıxış etdiyim səhnələrlə fərqlənirəm.
– Bəs tamaşada oynamaq və ya filmdə çəkilmək kimi xüsusi bir istəyiniz olubmu?
– “Tamaşada oynamaq” sözgəlişi çıxdı, çünki o, sırf mənim sənətim deyil. Özümü peşəkar aktyor kimi görmürəm, amma aktyorluq qabiliyyəti az da olsa var. Saniyələr içində bədahətən söz deyib qafiyələşdirə bilən insan aktyorluq bacarığı da göstərə bilər. Özümü peşəkar aktyorlarla müqayisə etmirəm, amma həvəskar kimi filmlərdə, seriallarda iştirak etmişəm. Layiqli bir serial və ya film təklifi olsa, niyə də çəkilməyim?
– Niyə məhz “Novxanı” təxəllüsünü seçdiz? Doğulduğunuz yerlə bağlıdır, yoxsa xüsusi mənası var?
– Yox, Novxanıda doğulmamışam, şəhərdə böyümüşəm. Novxanıda ancaq yaydan-yaya uşaqlıq illərim keçib, bağımız və qohum-əqrəbamız ordadır. Özüm mikrorayonda böyümüşəm, lap uşaqlığım isə “Sovetski”də keçib. Novxanı hər sənət adamının əslini, kökünü bildirən ünvandır. Keçmişdə informasiya mənbələri indiki kimi güclü deyildi, insanı yer adı ilə tanıyırdılar. Əslən Novxanlı olduğum üçün bu təxəllüsü götürdüm. Novxanadan böyük şəxsiyyətlər çıxıb; biz də o böyüklüyə çatana qədər işlər görək ki, tarixdə ad qoyanlardan ola bilək.
– İlk illəri xatırlayanda o vaxtkı Tərlan bugünkü uğurları görsəydi, təəccüblənərdi? Uğurları o vaxt gözləyirdizmi?
– Sənətə çox uşaq yaşlarımdan meyxana deməklə başlamışam. 12–13 yaşımda şeir yazırdım, 14–15 yaşımda toylara getməyə başladım, yavaş-yavaş öz üzərimdə işlədim. Uğuru gözləmək və ona cəhd etmək lazımdır, heç vaxt naümid qalmamaq şərtilə. Mən cəhd edirdim, naümid deyildim, amma uğur gözləmədiyim bir formatda nəsib oldu. Şükür ki, Allah onu mənə qismət elədi.
– Özünüzə ustad hesab etdiyiniz sənətkarlardan hansı xüsusiyyətləri götürmüsüz? Nümunə deyə bilərsizmi?
– Ustad bildiyim sənətkarların peşəkar istedadlarından, yazılarından, sözlərindən, hətta onlarla söhbətlərdən faydalanmışam. Ümumiyyətlə, yaxşı xüsusiyyət kimdə – hətta körpə uşaqda belə – görünsə, götürməyə çalışaram. Məsələn, Oqtay Kamil mənim ustadımdır; onun danışığı bir həyat hekayəsidir, onu sadəcə dinləmək və onunla meyxana demək öyrənməkdir. Vüqar Əbdülovun yaradıcılığından bəzi nüansları yazılarıma, əsərlərimə qatmışam. Namiq Qaraçuxurlunun mahnılarındakı aranjiman və ya musiqi aləti diqqətimi çəkəndə düşünmüşəm ki, başqa mahnımda, hətta fərqli muğamda da ondan istifadə edim. Sırf kiminsə xarakterində olmaq şərt deyil, amma hər kəsdən bir az bəhrələnmək lazımdır.
– Bugünkü gündə meyxana daha çox sənət yarışıdır, yoxsa populyarlıq uğrunda mübarizə?
– İstənilən sahədə sağlam rəqabət varsa, bu, sənət yarışıdır. Rəqabətdə saxtakarlıq, xoşagəlməz nüanslar varsa, artıq populyarlıq və ya gündəm uğrunda mübarizəyə çevrilir. Populyarlıq bir zirvədir; oraya çatmaq üçün müəyyən mərhələlərdən, çətinliklərdən, sınaqlardan keçməli, qurbanlar verməlisən.
– Populyarlığı qazandıqdan sonra onu əldə saxlamaq asandır, yoxsa çətin?
– Qazanmaq da çətindir, amma qazandıqdan sonra əldə saxlamaq ondan da çətindir. Artıq populyarsan, əsas məsələ o hörməti qorumaqdır – ya özünü zirvəyə qaldıracaqsan, ya da özünü itirəcəksən. Özünü itirsən, populyarlığın heç sənə özünə də faydası olmaz. İmkan olanda yaxşı yaşamaq, gözəl evdə yaşamaq, yaxşı avtomobil sürmək pis deyil – kiməsə və özünə zərər vermədən yaşayırsansa, halal xoşun olsun. Amma populyarlıqdan istifadə edib kimisə aldatmaq, təkəbbürlü davranmaq, insanları ayırmaq artıq eqodur.
– Meyxanaçı mahnı oxumağa başlayanda öz sənətinin sərhədlərini genişləndirir, yoxsa əsas istiqamətdən uzaqlaşır?
– Meyxana deyən mahnı oxuyursa, sənətini genişləndirir, sənətə heç bir zərər vurmur. Eynilə rep deyən biri səsində imkan varsa, estrada mahnısı oxuya bilər. Meyxanaçı mahnı yazıb oxuyursa, birinci öz səs tembrinə uyğun mahnı seçməlidir ki, onu korlamasın. Elə mahnı olur ki, onu başqa müğənni daha gözəl təqdim edə bilər, çünki xüsusi səs imkanları və avaz tələb edir.
– Sənətdə istedad daha vacibdir, yoxsa düzgün əlaqələr və özünü təqdim etmək bacarığı?
– Hər ikisi vacibdir. İstedad olmasa, müəyyən yerdə dayanacaqsan. Amma fərasət, özünü təqdim etmək bacarığı olmasa, istedadı geniş auditoriyaya yaya bilməzsən. İstedad bulaq kimidir, onun hər yana yayılması üçün fərasət və bacarıq lazımdır.
– Tənqidə münasibətiniz necədir? Özünüz tənqid olunanda necə reaksiya verirsiz?
– Tənqid elə bir şeydir ki, kənardakılar sənin görmədiyin səhvləri görə bilər. Mən tənqiddən narazı olmuram, əksinə, öyüd alıram. Tənqidlə təhqir fərqli şeylərdir. Tənqid olunan insan əslində uğurlu tərəfdədir — deməli, kimsə onun düzgün yola yönəlməsini, ondan daha yaxşısını gözləyir. Mən də kimisə tənqid edəndə “səndən bunu gözləmirdim, daha yaxşısına layiqsən” mənasında deyirəm.
– 2026-cı ildə Vəfa Şərifovanın ifa etdiyi “Darıxdı qəlbin” mahnısı ilə bağlı müəlliflik iddiasını açıqladınız. İllərdir mahnı davaları gedir. Sizcə, Azərbaycanda bəstəkarların müəlliflik hüquqları yetərincə qorunurmu?
– Bu, hansı şirkətlə işləməyinizdən asılıdır. Mən Türkiyənin MESAM təşkilatının üzvüyəm, hətta mənə xüsusi sənəd – tam üzvlük verilib. Azərbaycanda bu sahəni idarə edən Nicat İsmayılovdur; tam üzvlük Azərbaycanda cəmi iki nəfərdədir – bir onda, bir də məndə. MESAM mənim müəlliflik hüquqlarımı qoruyur, icazəmsiz mahnılarımı oxumaq və ya platformalarda saxlamaq olmaz. Özbəkistanın əməkdar artisti Uluqbək Rəhmətullayev vaxtilə “Bimar” mahnımı oxuyanda məni tanımırdı və müəllif anonim gedirdi. Haqqımı müdafiə etdim, onlar da anlayışla yanaşdılar, mübahisə olmadı, əksinə, dostluğumuz yarandı. Vəfa xanımın oxuduğu mahnıya gəlincə, onun bundan xəbəri yox idi, sözlərini dostumuz şair Namiq Cavadlı yazıb. Musiqi ladlarında oxşarlıq gördüm, mütəxəssislərlə dəqiqləşdirdikdən sonra iddia qaldırdım; orada musiqi müəllifi kimi adım qeyd olunur.
– Bu yaxınlarda Özbəkistandan qayıtmısız. Səfərin məqsədi nə idi, sizi kim dəvət etmişdi və hansı tədbirdə iştirak etdiz? Tamaşaçıların reaksiyası necə oldu?
– Səfərin məqsədi Özbəkistanda böyük səhnədə çıxış etmək idi. Doqquz il əvvəl ilk uğur qazandığım səhnədə bu dəfə Uluqbək Rəhmətullayevin 25 illik səhnə fəaliyyətinə həsr olunmuş solo konsertində iştirak etdim. Bir çox duet ortaqları olsa da, duet oxumaq üçün yalnız məni dəvət etmişdi. “Bimar” və iki il əvvəl birlikdə klip çəkdirdiyimiz “Badi Səba” mahnılarını ifa etdik. Konsert 8 noyabr – Zəfər Gününə düşürdü. Azərbaycandan ona üzərində Azərbaycan və Özbəkistan bayraqları, ortasında Xarıbülbül təsviri olan əl işi suvenir aparmışdım. Səhnədən Zəfər Gününü qeyd etdim, Uluqbək sözlərimi özbəkcəyə tərcümə etdi. Yeddi gün hər gün 5 min tamaşaçı gəlirdi; özbək xalqının bizi alqışlaması, dəstək olması məni çox qürurlandırdı. Həmin çıxışların görüntüləri montajdadır, tezliklə YouTube və musiqi platformalarında paylaşılacaq.

– Texnologiya dövründəyik, süni intellektlə mahnılar, hətta xalq mahnılarının remiksləri hazırlanır. Süni intellekt yaxın gələcəkdə müğənnilərin yerini tuta bilərmi və bunu dinləyicini aldatmaq hesab edirsizmi?
– Öz studiyamızda da mahnılar yazılır, aranjiman olunur. Süni intellekt məsləhət almaq, ideya yoxlamaq üçün yaxşı mənbədir – məsələn, TikTok-da 15–20 saniyəlik fraqmentlə marağı yoxlamaq olar. Amma hər şeyi süni intellektə tapşırmaq “sünnilik”dir, hissi tam ötürə bilmir. İnsanların zövqü dəyişsə də, milli ruhu və musiqini duyan dinləyicilər həmişə qalır. Bunu dinləyicini aldatmaq yox, müğənninin işinə qeyri-peşəkar yanaşması hesab edirəm. Qazancı olan sənətkar işinə sərmayə qoyub keyfiyyətli, canlı iş təqdim etməlidir. Yeni başlayan, maddi imkanı az olan gənc ifaçı üçün müəyyən qədər anlaşılandır, amma tanınmış və qazanan müğənni daha səviyyəli iş görməlidir.
– Sənət aləmində paxıllıq və süni dostluqlarla qarşılaşmısızmı?
– Çox qarşılaşmışıq, bu artıq adi haldır.
– Hansısa açıqlamanıza görə sonradan peşman olduğunuz olubmu?
– Açıqlamaya görə yox, amma kiminsə qəlbini incitdiyimi hiss edəndə ona görə peşman ola bilərəm. Deyilməli olan söz deyilməlidir, amma qəlbə dəymək xoş deyil.
– Ailə həyatı ilə sənət həyatını uzlaşdırmaq nə dərəcədə çətindir?
– Çətindir. Şükür ki, ailəm məni başa düşür, amma onlara lazımi vaxtı ayıra bilmirəm. Bəzən ailə ilə istirahət planlaşdırırsan, iki-üç gün qalmış gözlənilməz zəng və ya vacib tədbir, xahiş çıxır — söhbət tək puldan da getmir. Hələlik anlayışla qarşılayırlar, görək necə davam edər.
– Sənətdən qazandığınız uğurlar gözlədiyiniz xoşbəxtliyi gətiribmi?
– İstədiyim həyatın bir çoxunu bəxş edib, amma itirdiklərimiz də olub. Uğur qazanarkən sağlamlıqdan və ya hədər gedən vaxtdan itkilər ola bilər.
– Reallaşmamış ən böyük arzunuz nədir?
– Şəxsi arzularımı deməyim, tamaşaçıya o qədər maraqlı olmaz. Sənətlə bağlı isə həm Azərbaycanda, həm də xaricdə güclü komanda və peşəkar təşkilatçılarla böyük, keyfiyyətli konsertlər vermək istəyirəm. Sıradan, 20 dəqiqəlik toy və ya şou çıxışı kimi konsert istəmirəm. Bunun üçün addımlar atırıq; yaxın vaxtlarda Daşkənddə ən böyük zalların birində solo konsertimiz ola bilər. Sonra digər Orta Asiya ölkələrində və dilimizi anlayan ölkələrdə də konsertlər vermək istəyirəm.
– Son olaraq, illər sonra insanlar Tərlan Novxanını hansı xüsusiyyətlərinə görə xatırlasın istərdiz?
– Adı çəkiləndə “insan adamı idi” desələr, mənə bəsdir. Mahnılarımızla sənətdə izimiz qalacaq, amma bir insan kimi xoş, yaxşı adam kimi xatırlanmaqdan gözəl heç nə yoxdur.
– Ən gözəl arzudur. Təşəkkür edirik.
– Siz sağ olun, çox sağ olun. Vaxtınızı aldıq, üzrlü sayın. Xoş oldu, sağ olun.

Bu söhbət Tərlan Novxanının sənətə münasibətindəki praqmatizmlə səmimiyyətin yanaşı dayandığını göstərir: bir tərəfdən müəlliflik hüquqları, konsert miqyası və sənətə sərmayə qoymaq kimi məsələlərdə prinsipial mövqe tutur, digər tərəfdən isə yadda qalmağın əsas meyarı kimi “insan adamı” kimi tanınmağı görür.
