Kəlbəcər Azərbaycanın qədim tarixə və zəngin təbii sərvətlərə malik diyarıdır

Kəlbəcər Azərbaycanın qədim tarixə və zəngin təbii sərvətlərə malik diyarıdır
Kəlbəcər Azərbaycanın həm təbii gözəllikləri, həm də iqtisadi imkanları baxımından seçilən rayonlarından biridir. Böyük Qafqazın deyil, Kiçik Qafqazın dağlıq ərazilərində yerləşən bu rayon yüksək dağları, dərin dərələri, çayları, meşələri və geniş yaylaqları ilə tanınır. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonlarından biri olmaqla yanaşı, ərazisinin böyüklüyünə görə də xüsusi yer tutur.
Rayonun təbii sərvətləri olduqca zəngindir. Burada qızıl, mis, qurğuşun və digər faydalı qazıntı yataqları mövcuddur. Bundan başqa, Kəlbəcər mineral su ehtiyatları ilə də məşhurdur. Xüsusilə İstisu mineral bulaqları Azərbaycanın ən tanınmış təbii sərvətlərindən hesab olunur. Bu sular öz müalicəvi xüsusiyyətləri və tərkibindəki faydalı minerallarla uzun illər insanların diqqətini cəlb edib.
Kəlbəcərin əhəmiyyəti yalnız onun təbii sərvətləri ilə məhdudlaşmır. Bu rayon qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus adət-ənənələrə malikdir. Kəlbəcər ərazisində aparılmış araşdırmalar burada insanların çox qədim dövrlərdən yaşadığını göstərir. Qədim yaşayış məskənləri, qayaüstü rəsmlər, daş abidələr və müxtəlif tarixi nümunələr bu ərazinin qədimliyini təsdiq edən mühüm faktlardır.
Kəlbəcər toponiminin mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Onun qədim türk dili ilə əlaqələndirilməsi və “çay üstündə qala” mənasında izah edilməsi də bu fikirlərdən biridir. Bütün bunlar Kəlbəcərin Azərbaycan xalqının tarixi və mədəni irsində mühüm yer tutduğunu göstərir.
Bu torpaqlar xalqımızın əsrlər boyu yaratdığı maddi və mənəvi sərvətlərin qorunub saxlandığı ərazilərdəndir. Kəlbəcərin hər bir dağı, qayası, bulağı və qədim abidəsi Azərbaycan tarixinin bir parçasıdır.
Kəlbəcərin işğalı rayonun sakinləri üçün böyük faciəyə çevrildi. Minlərlə insan öz doğma evini, həyətini, təsərrüfatını və illərlə qurduğu həyatını geridə qoyaraq məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İnsanlar doğulduqları, böyüdükləri, ailə qurduqları torpaqlardan didərgin düşdülər. Uzun illər ərzində kəlbəcərlilər doğma yurdlarına qayıtmaq ümidi ilə yaşadılar.
Ermənistanın işğal siyasəti nəticəsində rayonun yaşayış məntəqələri, məktəbləri, mədəniyyət və səhiyyə müəssisələri, tarixi və dini abidələri dağıdıldı, təsərrüfat və infrastruktur obyektləri yararsız vəziyyətə salındı. Bir vaxtlar insanların yaşadığı, işlədiyi və qurub-yaratdığı kəndlər viran qaldı. Tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu.
Bununla yanaşı, işğalçı qüvvələr rayonun təbii sərvətlərindən qanunsuz istifadə etdilər. Meşələrə, təbiətə və digər ekoloji sərvətlərə ziyan vuruldu. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti də həyata keçirildi.
Təəssüf doğuran məqamlardan biri də beynəlxalq təşkilatların bu işğala qarşı uzun illər ərzində təsirli tədbirlər görməməsi idi. Halbuki BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb etmişdi. Lakin Ermənistan bu qətnamənin tələblərinə əməl etmədi. Beynəlxalq ictimaiyyətin isə həmin qərarın icrasını təmin etmək üçün lazımi təsir imkanlarından istifadə etməməsi işğalın uzun illər davam etməsinə şərait yaratdı.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim
