Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətləri uzun illərə söykənir

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətləri uzun illərə söykənir
Hər iki ölkə müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, sənaye, enerji, təhsil və mədəniyyət istiqamətlərində əlaqələrin inkişafına böyük önəm verir. Bu münasibətlərdə neft-qaz sənayesi xüsusi yer tutur. Çünki enerji sahəsi hər iki ölkənin iqtisadiyyatında mühüm rol oynayır, sənayenin inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkələrin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə töhfə verir.
Azərbaycan zəngin neft və qaz ehtiyatlarına, uzun illər ərzində formalaşmış təcrübəyə, müasir istehsal və emal infrastrukturuna malik ölkədir. Vyetnam da enerji resurslarından səmərəli istifadə, neft və qaz hasilatının artırılması, yeni yataqların işlənməsi və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirir. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (Petrovietnam) arasında əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün yeni imkanlar yaradır.
Bu əməkdaşlıq yalnız neft və qaz hasilatı ilə məhdudlaşmır. Buraya müasir texnologiyaların tətbiqi, mütəxəssis hazırlığı, təcrübə mübadiləsi, birgə investisiya layihələri, neftin emalı, neft-kimya sənayesi və enerji infrastrukturunun inkişafı kimi mühüm istiqamətlər daxildir. Tərəflər arasında əlaqələrin dərinləşdirilməsi həm iqtisadi, həm də texnoloji baxımdan qarşılıqlı fayda əldə etməyə şərait yaradır.
Azərbaycan ilə Vyetnam arasında neft-qaz sahəsində əməkdaşlığın tarixi ötən əsrə gedib çıxır. Bu münasibətlərin formalaşmasında Azərbaycanın neft sənayesinin zəngin təcrübəsi mühüm rol oynayıb. Hələ sovet dövründə Vyetnamdan olan gənclər Azərbaycana gələrək neft sənayesi üzrə təhsil alır, burada peşəkar bilik və təcrübə qazanırdılar. Bakı şəhəri uzun illər ərzində Vyetnamlı neft mütəxəssislərinin hazırlanmasında mühüm mərkəzlərdən biri olub.
1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsində xüsusi əhəmiyyət daşıyıb. Həmin səfər zamanı Azərbaycanın neft sənayesi ilə yaxından tanış olan Ho Şi Min ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərə böyük maraq göstərmişdi. Sonrakı illərdə də Azərbaycan və Vyetnam arasında neft sənayesi üzrə əlaqələr davam etdirilib, kadr hazırlığı və təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq genişlənib.
Azərbaycanın neft sənayesində qazandığı təcrübə Vyetnam üçün də faydalı olub. Eyni zamanda, Vyetnamın enerji sektorunda əldə etdiyi nəticələr Azərbaycan şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradıb. Beləliklə, vaxtilə əsasən təhsil və təcrübə mübadiləsi üzərində qurulan münasibətlər sonrakı mərhələlərdə ticarət, investisiya və birgə iqtisadi layihələrlə daha da genişlənib.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru
