SİMA yeni maskotu “Simi”ni təqdim edib

SİMA rəqəmsal həllər platformasının rəsmi maskotu – “Simi” təqdim edilib. Brendin yeni siması kimi robotik sincab obrazı seçilib.
Faktum.az xəbər verir ki, sincab təbiətdəki faydalı resursları toplayan, onları qoruyan zəhmətkeş, çevik, pozitiv heyvan kimi tanınır. Bu xüsusiyyətlər isə rəqəmsal dünyada məlumatların təhlükəsiz şəkildə qorunması və rahat istifadəçi təcrübəsi ilə üst-üstə düşür.
Maskotun hazırlanması xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsi və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilib. Odur ki, SİMA-nın yeni vizual strategiyası rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əyləncəli yolla izah etməyi hədəfləyir.
Qeyd edək ki, “Simi” tezliklə SİMA-nın bütün kommunikasiya kanallarında və rəqəmsal interfeyslərində istifadə olunacaq. SİMA platforması dostcanlı və sevimli görünüşə malik olan “Simi” ilə texnologiyanı bütün istifadəçi kütlələri üçün daha anlaşılan və səmimi göstərməyi hədəfləyir.
SİMA Rəqəmsal Həllər Platforması haqqında
“AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platforması bulud və biometrik texnologiyalara əsaslanan rəqəmsal ekosistemdir. Platforma “SİMA İmza”, “SİMA KYC”, “SİMA Access”, “SİMA Token” və “SİMA Pay” məhsulları vasitəsilə identifikasiya, imzalama və ödəniş proseslərini tam rəqəmsallaşdırır. Sistem vətəndaşlar, dövlət və özəl sektor üçün məsafədən rahat, çevik və təhlükəsiz xidmət mühiti təmin edir. Ətraflı məlumat üçün: www.sima.az.
