Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq

01 Avqust 2026, 11:08 Siyasət
REKLAM728×90

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri Azərbaycan–Qırğızıstan münasibətlərinin mahiyyətini, strateji istiqamətini və gələcək inkişaf perspektivlərini aydın şəkildə ifadə edir. Bu bəyanat iki qardaş dövlət arasında əlaqələrin artıq ənənəvi dostluq və tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəldiyini, qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji hədəflərə əsaslandığını nümayiş etdirir. Azərbaycan və Qırğızıstan ortaq tarixi köklərə, türk dünyasının vahid mənəvi dəyərlərinə, oxşar milli-mədəni irsə və qarşılıqlı hörmət prinsiplərinə söykənən münasibətlər qurmuş dövlətlərdir. Dövlət başçılarının son illərdə qarşılıqlı səfərlərinin intensivləşməsi, siyasi dialoqun yüksək səviyyəyə çatdırılması və müxtəlif sahələri əhatə edən əməkdaşlıq mexanizmlərinin formalaşdırılması bu münasibətlərin davamlı inkişafını təmin etmişdir. Məhz bu siyasi iradənin nəticəsi olaraq iki ölkə arasında müttəfiqlik münasibətləri qurulmuş və əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin vurğuladığı kimi, müttəfiqlik yalnız siyasi bəyanat deyil, həm də qarşılıqlı etimadın, məsuliyyətin və öhdəliklərin ifadəsidir. Müttəfiq dövlətlər beynəlxalq münasibətlər sistemində bir-birinin milli maraqlarını dəstəkləyir, regional və qlobal məsələlərdə koordinasiyalı fəaliyyət göstərir, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə birgə təşəbbüslərlə çıxış edirlər. Bu baxımdan Azərbaycan və Qırğızıstan münasibətlərinin bugünkü səviyyəsi təkcə ikitərəfli əlaqələr üçün deyil, bütövlükdə türk dünyasının inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Xüsusilə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət nəticəsində Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi və humanitar əlaqələr əhəmiyyətli dərəcədə genişlənmişdir. Qırğızıstan bu siyasətdə Azərbaycanın etibarlı tərəfdaşlarından biri kimi çıxış edir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ardıcıl şəkildə dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq platformalarda nümayiş etdirilən qarşılıqlı dəstək münasibətlərin strateji xarakterini daha da möhkəmləndirir. Bu əməkdaşlıq beynəlxalq hüququn norma və prinsiplərinə hörmətə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə əsaslanır. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstan tərəfindən müsbət qarşılanmışdır. İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində Qırğızıstanın göstərdiyi mənəvi və praktiki dəstək qardaşlığın real təzahürü kimi qiymətləndirilir. Ağdam rayonunda Manas dastanının qəhrəmanının adını daşıyan məktəbin inşası bunun ən parlaq nümunələrindən biridir. Bu layihə təkcə təhsil müəssisəsi deyil, həm də ortaq tariximizin, mədəniyyətimizin və türk həmrəyliyinin rəmzi kimi böyük siyasi və mənəvi əhəmiyyət daşıyır. Müttəfiqlik münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Son illərdə qarşılıqlı investisiyaların təşviqi, biznes forumlarının keçirilməsi, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması, logistika və nəqliyyat layihələrinin inkişaf etdirilməsi iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Xüsusilə Orta Dəhlizin inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi, Şərqlə Qərbi birləşdirən logistika imkanlarının artırılması Azərbaycan və Qırğızıstan üçün yeni iqtisadi perspektivlər yaradır. Enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, turizm, təhsil və innovasiya sahələri də əməkdaşlığın prioritet istiqamətlərinə çevrilmişdir. Dövlət başçılarının siyasi iradəsi nəticəsində bu istiqamətlər üzrə konkret layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Qırğızıstanın sıx əməkdaşlığı xüsusi qeyd olunmalıdır. Hər iki ölkə təşkilatın institusional inkişafına, iqtisadi inteqrasiyanın gücləndirilməsinə, ortaq nəqliyyat və enerji layihələrinin reallaşdırılmasına, gənclər və təhsil proqramlarının genişləndirilməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin vurğuladığı məsuliyyət anlayışı məhz türk dünyasının gələcəyinə birgə cavabdehlik prinsipini də özündə ehtiva edir. Müttəfiqlik münasibətləri humanitar sahədə də özünü aydın şəkildə göstərir. Elm, təhsil, mədəniyyət, idman və gənclər siyasəti üzrə həyata keçirilən birgə proqramlar xalqlar arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi, ortaq elmi layihələr və mədəni tədbirlər gələcək nəsillərin ortaq dəyərlər ruhunda yetişməsinə xidmət edir. Prezident İlham Əliyevin “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” ifadəsi Azərbaycanın etibarlı tərəfdaş kimi verdiyi öhdəliklərə sadiqliyini, qarşılıqlı hörmət və etimada əsaslanan siyasətini, regional sabitliyə və əməkdaşlığa verdiyi töhfəni bir daha nümayiş etdirdi. Bu yanaşma Azərbaycan xarici siyasətinin əsas prinsipləri olan etibarlılıq, praqmatizm, qarşılıqlı fayda və beynəlxalq hüquqa hörmət prinsiplərinin davamıdır. Azərbaycan–Qırğızıstan müttəfiqliyi təkcə iki ölkə arasında münasibətlərin yeni mərhələsi deyil, həm də türk dünyasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və ortaq gələcək strategiyasının mühüm sütunlarından biridir. Prezident İlham Əliyevin bu bəyanatı göstərir ki, Azərbaycan üzərinə düşən bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirməyə, Qırğızıstanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə və türk dünyasının birliyinə xidmət edən bütün təşəbbüsləri bundan sonra da qətiyyətlə dəstəkləməyə tam hazırdır. Bu siyasi xətt gələcək illərdə də iki qardaş ölkənin münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhə, sabitliyə və davamlı inkişafa mühüm töhfə verəcəkdir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım

REKLAM728×90
Paylaş: