14 İyul 1969: Durğunluqdan inkişafa keçid – Azərbaycanın tarixi dönüş nöqtəsi

1960-cı illərin sonunda SSRİ-nin tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasının dərin iqtisadi və sosial böhran içində olduğu reallığını arxiv sənədlərinə istinadən araşdıran Faktum.az xəbər verir ki, məhz 14 iyul 1969-cu il tarixi ölkənin müasir mənzərəsinin formalaşmasında əsas dönüş nöqtəsi olmuşdur.
Həmin gün keçirilən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin birinci katib seçilməsi sadəcə bir rəhbər dəyişikliyi deyil, respublikanın aqrar və xammal bazası olmaqdan çıxarılaraq güclü sənaye, kadr və milli potensiala sahib bir məmləkətə çevrilməsinin təməlini qoydu. Bu dövrə qədər Bakı neftinin hasilatı sürətlə azaldığı və Moskva tərəfindən investisiyalar əsasən Sibir yataqlarına yönəldiyi üçün Azərbaycan iqtisadiyyatın demək olar ki, bütün sahələrində geriləyir, ümumi daxili məhsulun artım sürətinə görə ittifaqda sonuncu yerlərdən birini tuturdu.
Hakimiyyət dəyişikliyindən dərhal sonra tətbiq edilən hərbi intizam və strateji planlaşdırma sayəsində ölkədə nəhəng zavodlar şəbəkəsi quruldu; SSRİ və Şərqi Avropanın ən böyük istehsalçısı olan Bakı Məişət Kondisionerləri Zavodu, Gəncədəki Billur zavodu və Sumqayıtın kimya kombinatları məhz bu islahatların bəhrəsi idi. İqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, kənd təsərrüfatında zərərlə işləyən kolxozlar mənfəətə keçdi, pambıqçılıq və üzümçülük sahəsində böyük sıçrayış baş verdi ki, bu da kənd yerlərində yaşayan milyonlarla insanın rifahını kəskin şəkildə yüksəltdi.

Heydər Əliyev milli kadrlar olmadan müstəqil gələcək qurmağın qeyri-mümkün olduğunu bildiyi üçün Moskvanın böyük müqavimətinə baxmayaraq 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratdı və hər il minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu universitetlərində təhsil almasını təmin etdi. 1969-cu ildən 1980-ci illərin əvvəlinə qədər ölkədə milli gəlirin 2,5 dəfədən çox artması və 250-dən çox yeni sənaye müəssisəsinin açılması sübut edir ki, 14 iyul plenumu Azərbaycanın həm iqtisadi, həm də mənəvi müstəqilliyinin gizli təməllərinin atıldığı və 1991-ci ildə yenidən qurulacaq dövlət aparatının beyin mərkəzinin yetişdirildiyi tarixi bir hadisədir.
Jalə Asiman
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
