Yeni Azərbaycan Partiyası da ölkədə baş verən dəyişikliklərə uyğun olaraq öz fəaliyyətini daim yeniləyir

Yeni Azərbaycan Partiyası da ölkədə baş verən dəyişikliklərə uyğun olaraq öz fəaliyyətini daim yeniləyir
Bu gün Azərbaycan yalnız öz daxili inkişafı ilə deyil, regionda və beynəlxalq aləmdə həyata keçirdiyi təşəbbüslərlə də diqqət mərkəzindədir. Enerji təhlükəsizliyinin təmin olunması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional sülhün möhkəmləndirilməsi istiqamətində ölkəmiz mühüm rol oynayır. Bakı şəhərində və işğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq tədbirlərin keçirilməsi də Azərbaycanın artan nüfuzunun göstəricisidir.
Yeni Azərbaycan Partiyası da ölkədə baş verən bu dəyişikliklərə uyğun olaraq öz fəaliyyətini daim yeniləyir. Partiyanın ilk proqramı yarandığı dövrün siyasi, iqtisadi və ictimai tələblərini nəzərə alaraq hazırlanmışdı. Həmin proqramda dövlət müstəqilliyinin qorunması, ölkədə sabitliyin təmin edilməsi, iqtisadiyyatın inkişafı, milli maraqların müdafiəsi və güclü dövlət quruculuğu əsas məqsədlər kimi müəyyənləşdirilmişdi.
Zaman keçdikcə ölkədə yeni reallıqlar formalaşdı və partiyanın qarşısında duran vəzifələr də dəyişdi. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra Azərbaycanın qarşısında yeni inkişaf istiqamətləri və mühüm vəzifələr meydana çıxdı. Bu baxımdan 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi xüsusi əhəmiyyət daşıdı.
Qurultayda Prezident İlham Əliyev partiyanın gələcək fəaliyyəti ilə bağlı mühüm məsələlərə toxundu və müasir dövrün tələblərinə cavab verən yeni proqramın hazırlanması ilə bağlı tapşırıqlar verdi. Qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq edildi, İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırıldı, Veteranlar Şurası yaradıldı. Həmçinin Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini təyin edildi. Bu qərarlar partiyanın təşkilati fəaliyyətinin təkmilləşdirilməsi və qarşıdakı dövr üçün daha səmərəli iş mexanizminin qurulması baxımından mühüm addımlar idi.
2021-ci il dekabrın 29-da YAP İdarə Heyətinin iclasında partiyanın yeni Proqramı təsdiq edildi. Beş fəsildən ibarət olan bu sənəddə partiyanın keçdiyi inkişaf yolu, siyasi dəyərləri, fəaliyyət prinsipləri və gələcək hədəfləri geniş şəkildə müəyyənləşdirildi.
Yeni Proqramda Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, güclü iqtisadiyyatın yaradılması, sosial rifahın yüksəldilməsi, insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin gücləndirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin qorunması, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi, milli maraqlara əsaslanan xarici siyasətin davam etdirilməsi, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış kimi mühüm məsələlər əsas strateji hədəflər sırasında yer aldı.
“Biz birlikdə güclüyük!” şüarı ilə təqdim olunan yeni Proqramın əsas mahiyyəti ölkənin inkişafında birlik və həmrəyliyin vacibliyini göstərməkdir. Çünki dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür. Xalqın birliyi, cəmiyyətdə qarşılıqlı etimad, milli maraqlar ətrafında həmrəylik və gələcəyə inam da güclü dövlətin əsas şərtlərindəndir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru
