İngilis dili müəllimi Aygün Hüseynova: “Müəllim olmaq ilk növbədə insan olmaq deməkdir”

Hər bir uğurlu hekayə arxasında illərin zəhməti, fədakarlığı və böyük bir sevgi dayanır. Bəzən insan uşaqlıq illərində uzaq qaçmaq istədiyi, hətta qorxduğu bir peşənin ömrünün ayrılmaz hissəsinə çevriləcəyini təsəvvür belə etmir. Təhsilə verilən hər bir dəyər, şagirdə göstərilən fərdi yanaşma və səbir isə əsl müəllimlik missiyasının təməlini təşkil edir. Faktum.az saytı olaraq, oxucularımıza təqdim etdiyimiz növbəti müsahibə məhz bu dəyərləri yaşadan, 15 illik pedaqoji təcrübəsi ilə seçilən ingilis dili müəllimi Aygün Hüseynova ilədir.
Təhsilə sevgi, səbir və fərdi yanaşma… Bəzən insan həyatın hansı istiqamətə aparacağını əvvəlcədən bilmir. Elə peşələr var ki, insan əvvəlcə onlardan uzaq durmağa çalışsa da, zaman keçdikcə həmin sahənin onun həyatının ayrılmaz hissəsinə çevrildiyini anlayır. Artıq 15 ildir ki, ingilis dilinin tədrisi ilə məşğul olan Aygün xanım da müəllimlik yolunu təsadüflərlə başlayan, lakin sevgi və təcrübə ilə möhkəmlənən bir həyat hekayəsi kimi təqdim edir. Onun üçün müəllimlik yalnız bilik ötürmək deyil, həm də öyrənmək, insanları tanımaq və onların gələcəyinə töhfə verməkdir.
— Aygün xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
— Düzünü desəm, uşaq vaxtı deyirdim ki, hər peşənin sahibi ola bilərəm, amma müəllim ola bilmərəm. Çünki müəllimliyi çox məsuliyyətli peşə hesab edirdim. Həm də o dövrdə müəllimlər daha sərt idilər. Buna görə də məndə bu sahəyə qarşı müəyyən bir qorxu yaranmışdı.
Amma deyirlər ki, sən saydığını say, gör fələk nə sayır (gülür). Orta məktəbi bitirdikdən sonra ilk il ali məktəbə daxil ola bilmədim. İkinci il isə müəllimlik fakültəsinə qəbul olundum. O zaman əvvəl dediyim sözlərə görə peşmanlıq hissi keçirdim. Hətta gələcəkdə tələbələrimin üzünə necə baxacağımı düşünürdüm.
Zaman keçdikcə bu peşənin dərinliyini anladım və öz-özümə dedim ki, nə yaxşı, müəllim olmuşam!
Məktəb mühitində çox geniş fəaliyyətim olmasa da, uzun müddət fərdi dərslər keçmişəm. Hər bir tələbəyə fərdi yanaşmışam. Bu təcrübə mənim üçün böyük bir məktəb olub. Çünki insanlarla fərdi şəkildə ünsiyyət qurduqda onların daxili dünyasını daha yaxından tanımaq, təhsilin onlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq mümkündür.
Mənim müxtəlif yaş qruplarından tələbələrim olub. Düşünürəm ki, müəllim yalnız dərs keçən insan deyil. Müəllim dərs dediyi müddətdə özü də çox şey öyrənir. Elm heç vaxt bitmir, təhsil daim inkişaf edir. Bəzən hətta beşinci sinif şagirdi belə sizə yeni bir şey öyrədə bilər. Bu, bizim zəifliyimiz deyil. Əksinə, hər kəsə şəxsiyyət kimi yanaşdıqda onun daxili dünyasını kəşf etmək mümkün olur. Bəzən elə hadisələrlə qarşılaşırsan ki, onları möcüzə adlandırmaq olar. Buna görə də mən hələ də öyrənməyə davam edirəm.
— Neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
— Artıq 15 ildir ki, bu sahədəyəm.
— Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
— Uzun illərdir ki, ingilis dilini tədris edirəm. Bununla yanaşı, müxtəlif sahələr üzrə tərcümələr edir və şagirdləri olimpiadalara hazırlayıram. Gənclərin xarici ölkələrə inteqrasiya etməsi, dünyagörüşlərinin genişlənməsi mənim ən böyük arzularımdan biridir. Uşaqlara hər zaman deyirəm ki, imkan daxilində xarici ölkələrə səyahət etsinlər. Axı bir məsəl var: çox oxuyan yox, çox gəzən çox bilər.
— Son zamanlarda sizə ən çox hansı mövzularla bağlı müraciətlər olunur?
— Son zamanlar daha çox IELTS proqramı və danışıq bacarıqlarının inkişafı ilə bağlı müraciətlər olur. Mən dərslərimi yalnız kitablar üzərindən qurmuram. Video və şəkillərdən də geniş istifadə edirəm. Düşünürəm ki, bu üsul dərsləri daha maraqlı və anlaşıqlı edir, nəticələrin yüksək olmasına da müsbət təsir göstərir.
— İş prinsipiniz nədən ibarətdir?
— İş prinsipim hər zaman eyni olub. İllər ərzində əsasən onlayn və evdə fərdi dərslər keçmişəm. Lakin indi qərara gəldim ki, bu sərhədləri aşaq. Tələbələrin rahatlığını nəzərə alaraq öz məkanımı yaratdım.
Əsas məqsədim odur ki, tələbələr elm öyrənməyə bir məcburiyyət kimi baxmasınlar. İstəyirəm ki, öyrənmək onlar üçün həm maraqlı, həm də zövqlü bir prosesə çevrilsin. Arzum budur ki, tələbələr elmi sevsinlər, öyrənməkdən zövq alsınlar və bilik qazanmağı həyatlarının ayrılmaz hissəsinə çevirsinlər.
— Bir dili öyrənmək üçün maksimum nə qədər vaxt lazımdır?
— Düşünürəm ki, bu, həm tələbədən, həm də müəllimdən asılıdır. Bu proses qarşılıqlı əməkdaşlıq tələb edir. Tələbənin istəyi, müəllimin düzgün istiqamətləndirməsi və ailənin dəstəyi vacib amillərdir. Xüsusilə uşaqların dil öyrənməsində valideyn və müəllimin birgə səyi böyük əhəmiyyət daşıyır.
Ona görə də dil öyrənmək üçün konkret vaxt müəyyənləşdirmək çətindir. Əsas məsələ düzgün metod, davamlı məşğuliyyət və öyrənməyə olan həvəsdir.
— Xarakter etibarilə necə birisiniz?
— Dərs zamanı nə qədər səbirliyəmsə, bir o qədər də tələbkaram. İstəyirəm ki, nəticəni mümkün qədər tez əldə edim. Çünki özüm də dil öyrənmək üçün çox əziyyət çəkmişəm. Bu dili təkbaşına öyrənmişəm. Buna görə də tələbələrimin qarşılaşdıqları çətinlikləri yaxşı anlayıram.
Həmişə çalışıram ki, qarşımda olan insanları sona qədər dinləyim. Mənfi cəhətlərimdən biri isə insanlara tez inanmağımdır. Təəssüf ki, bu xüsusiyyətim bəzən əleyhimə işləyir.
— Bir pedaqoq olaraq nəyə “yox” deyirsiniz?
— Məktəblərdə uşaqlara qarşı hər cür zorakılığa qəti şəkildə “yox” deyirəm. Müəllim olmaq ilk növbədə insan olmaq deməkdir. Müəllim şagirdə örnək olmalı, ona düzgün yolu göstərməli və hər zaman hörmətlə yanaşmalıdır. Uşağın şəxsiyyətinə hörmət etmək, onun özünü güvəndə hiss etməsini təmin etmək təhsilin ən vacib şərtlərindəndir.
— Dil öyrənmək istəyənlərə nə tövsiyə edərdiniz?
— Dil öyrənmək istəyənlərə tövsiyəm budur ki, xarici dildə qəzetlər oxusunlar, filmlərə baxsınlar və mümkün qədər çox dinləmə və danışıq məşqləri etsinlər. Bu üsullar həm söz ehtiyatının artmasına, həm də dili daha yaxşı anlamağa kömək edir. Mən bunu hər kəsə tövsiyə edirəm. Əsas odur ki, öyrənməkdən vaz keçməsinlər və qarşılarına qoyduqları məqsədə doğru inamla irəliləsinlər.
— “Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki…” Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
— Ağlıma gəlməzdi ki, bu qədər dostum olar.
Əlaqə nömrəsi: (010) 464 02 63
İnstagram:_the_little_corner


