Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının gələcəyinə böyük inam bəsləyirdi

Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının gələcəyinə böyük inam bəsləyirdi
Ulu Öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdırır, Azərbaycanın haqq mövqeyinin tanıdılması üçün mühüm diplomatik fəaliyyət göstərirdi.
Həmin illərdə xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi, onların vahid məqsəd ətrafında birləşdirilməsi də xüsusi əhəmiyyət daşıyırdı. Milli həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm addımlar atıldı.
Bütün bu işlər Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaratdı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasəti ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə, iqtisadi imkanlarının genişlənməsinə və beynəlxalq mövqelərinin güclənməsinə xidmət etdi. Yeni Azərbaycan Partiyası da bu siyasi xəttin həyata keçirilməsində mühüm rol oynayan aparıcı siyasi qüvvəyə çevrildi.
Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının gələcəyinə böyük inam bəsləyirdi. Onun “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın fəaliyyət istiqamətini və qarşıya qoyduğu məqsədləri ifadə edirdi. Bu gün partiyanın 34 illik fəaliyyət yoluna nəzər saldıqda həmin fikrin nə qədər böyük məna daşıdığını görmək mümkündür. Yarandığı gündən ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən YAP zaman keçdikcə geniş üzv bazasına malik olan, cəmiyyətin müxtəlif təbəqələrini özündə birləşdirən böyük siyasi təşkilata çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Son 23 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənmiş, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmişdir. Ölkəmiz müasir inkişaf yoluna qədəm qoymuş, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmiş, iqtisadiyyatın müxtəlif sahələrində mühüm nəticələr əldə olunmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ən böyük tarixi nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsidir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulması istiqamətində həlledici mərhələ oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi.
Bu tarixi nailiyyətlər ölkəmizin qarşısında yeni imkanlar açdı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Yeni yollar, körpülər, elektrik və su xətləri, məktəblər, xəstəxanalar, yaşayış binaları və digər sosial obyektlər tikilərək istifadəyə verilir. Uzun illər doğma yurdlarından ayrı düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması üçün Böyük Qayıdış Proqramı həyata keçirilir. Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi öz gücünü, imkanlarını və inkişaf iradəsini nümayiş etdirir.
Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü
