Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Ölkənin demokratik quruluş və inkişaf yolunu müəyyən etmiş konstitusiya

04 Oktyabr 2026, 21:10 Cəmiyyət
728×90

Ölkənin demokratik quruluş və inkişaf yolunu müəyyən etmiş konstitusiya

 

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqil dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan fundamental hüquqi sənəddir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin demokratik, hüquqi və dünyəvi inkişafının hüquqi əsaslarını müəyyən etmişdir. Konstitusiyanın qəbul edilməsi müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın dövlət quruculuğu prosesində mühüm mərhələ olmaqla yanaşı, ölkənin gələcək siyasi, hüquqi və ictimai inkişaf istiqamətlərini də müəyyənləşdirmişdir.

Konstitusiyanın əsas prinsiplərindən biri xalq hakimiyyətinin təmin edilməsidir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olması Konstitusiyada təsbit edilmişdir. Bu prinsip demokratik dövlət quruculuğunun əsasını təşkil edir və vətəndaşların dövlətin idarə olunmasında iştirak hüququnu təmin edir. Eyni zamanda, hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi dövlət idarəçiliyində qarşılıqlı nəzarət və tarazlıq mexanizminin formalaşdırılmasına xidmət edir. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarına xüsusi yer ayrılması Azərbaycan dövlətçiliyinin demokratik mahiyyətini nümayiş etdirən mühüm amillərdəndir. İnsan hüquqlarının və azadlıqlarının qorunması, onların təmin edilməsi və dövlət tərəfindən müdafiə olunması Konstitusiyanın əsas prinsipləri sırasındadır. Yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, söz və fikir azadlığı, vicdan azadlığı, təhsil, əmək, mülkiyyət və digər hüquqların konstitusion səviyyədə təsbit olunması vətəndaşın hüquqi statusunu möhkəmləndirmişdir.

Konstitusiyanın qəbulundan sonra ölkədə demokratik institutların inkişafı və dövlət idarəçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər də bu prosesin mühüm tərkib hissəsi olmuşdur. Milli Məclisin formalaşdırılması qanunvericilik fəaliyyətinin həyata keçirilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun inkişafı üçün geniş imkanlar yaratmışdır. Konstitusiya yalnız dövlət hakimiyyətinin təşkili prinsiplərini deyil, həm də cəmiyyət və dövlət arasında münasibətlərin hüquqi əsaslarını müəyyən edən mühüm sənəddir. Onun müddəaları dövlətin fəaliyyətində qanunun aliliyinin təmin edilməsini, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını və demokratik idarəçilik prinsiplərinin həyata keçirilməsini nəzərdə tutur. Sonrakı dövrlərdə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər də ölkədə baş verən ictimai-siyasi və hüquqi proseslərin tələblərinə uyğun olaraq konstitusion mexanizmlərin təkmilləşdirilməsinə yönəlmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin demokratik quruluşunu və inkişaf yolunu müəyyən edən, dövlət müstəqilliyinin hüquqi əsaslarını möhkəmləndirən fundamental sənəddir. Onun qəbul edilməsi Azərbaycan dövlətçiliyinin inkişafında mühüm dönüş nöqtəsi olmuş, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas istiqamətlərini müəyyən etmişdir. Konstitusiya bu gün də dövlət və cəmiyyət həyatının əsas hüquqi dayağı kimi Azərbaycan Respublikasının inkişafında mühüm rol oynayır.

 

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

728×90
Paylaş: