Məhbusun inanılmaz iradəsi, dövləti rüsvay etdi

Adı Yaponiya sərhədlərindən çox-çox uzaqlara yayılan Yoşie Şiratori 1907-ci il tarixində Aomori əyalətində doğulmuşdu. Evli və bir qız övladı vardı.
Şiratori kiçik oğurluqlar etdiyi üçün adı polisin qeydiyyatında idi. 1933-cü il tarixində baş vermiş quldurluq hadisəsi bir nəfərin ölümü ilə nəticələndi. Polis cinayətkarı tapa bilmir, xalqın təzyiqi günü-gündən artırdı. İnsanları sakitləşdirmək üçün Şiratori “günah keçisi” elan olundu. Onu törətmədiyi cinayət üzrə həbs edib 1936-cı il tarixində Aomori həbsxanasına göndərdilər. Həbsxana nəzarətçiləri Şiratoriyə dözülməz işgəncələr verir, ac saxlayır, təhqir edib alçaldırdılar. Hətta Şiratori çılpaq şəkildə soyundurulub üzəri axtarılırdı ki, bəlkə qaçış üçün alətlər mövcud olmuş ola bilər. Lakin qaçış üçün alətin birbaşa kameranın içərisində olduğu ağıllarına belə gəlmirdi. Şiratori təbii ehtiyac üçün kamerada qoyulan dəmir vedrənin dəstəyini çıxarıb anusunda gizlədir, nəhayət, gözlədiyi yağışlı, tufanlı gün gəlir.
Gizlətdiyi dəmir parçası ilə ustalıqla kameranın və bir neçə qapının qıfılını açıb qaçmağa nail olur. Yaralarını müalicə etmək üçün aptekdən dərman oğurlanması səbəbilə həbs olunub məhkəməyə çıxarılır. Hakim növbəti dəfə ömürlük həbs hökmü verir. Məhkəmə zamanı xahiş edir ki, onu soyuq həbsxanaya göndərməsinlər, təəssüf ki, xahişi rədd edilir. Məhkum 1942-ci il tarixində Akita həbsxanasına göndərilir. Məhkum üçün düzəldilən kameranın divarları olduqca hamar, sürüşkən idi. Düşünürdülər ki, məhkum sürüşkən divarlardan qalxa bilməz, üstəlik, əlləri hər zaman qandallı idi. Şiratori asanlıqla qandalları açıb əlləri və ayaqları ilə divara dırmaşır, nəfəsliyin ətrafında taxtadan olan çərçivəni yerindən oynadır, geri dönüb qandalları təkrar geyinirdi. Həbsxanada bütün nəzarətçilərdən fərqli olan, ona mərhəmət göstərən, alçaltmayan bir nəzarətçiyə inanır. Nəhayət, yenə qaçış günü üçün yağışlı, fırtınalı hava başlayır. Yoşie həbsdən qaçıb birbaşa bəhs etdiyimiz nəzarətçinin evinə gəlir. Ona bütün yaşananları anladır. Yuyunmaq üçün vanna otağına girdiyində nəzarətçi polisə xəbər verir. İnanıb xəyanətə uğrayan Şiratori təkrar məhkəmə qarşısına çıxarılıb edam hökmü alır.
1946-cı il tarixində edam gününə qədər Yaponiyanın ən soyuq ərazisi olan Abaşiri zindanına göndərildi. Üzərinə buzlu su tökülür, əllərinə qaynaqla hazırlanmış 20 kq-lıq qandal taxıldı, yeməyi yarıya endirildi. Bədəni tamamilə çökmüş halda olan Şiratori səssiz-səmirsiz uzanıb tavana baxırdı. O, verilən yeməyin çox duzlu olduğunu fürsət olaraq dəyərləndirdi. Hər gün yeməkdən kiçik bir miqdarda əllərinə vurulan qandala və qapıya tökdü. Duz və havanın nəmi ilə korroziyaya uğrayan dəmir 6 ayda paslandı. Beləliklə, qandaldan və bağlı qapıdan xilas olub 3-cü dəfə zindandan qaçdı. Yaponiya ədliyyə sistemi rüsvayçı vəziyyətdə idi. Hər yerdə axtarılan Şiratori tapılmadı. Düşünüldü ki, ya soyuqdan, ya da vəhşi heyvanların hücumundan ölmüşdür. O isə dağın içərisində qazılmış tuneldə yaşadı. Topladığı meyvə və giləmeyvələri yedi, quş, dovşan ovladı, bir sözlə, tapa bildiyi nə varsa yeyib həyatda qaldı. Sonunda təklikdən yorulub şəhərə endi. Günlərlə yol getdi. Çox ac olduğu üçün pomidor sahəsindən pomidor qopardı. Fermer onun oğru olduğunu düşünüb bıçaq ilə hücum etdi. Özünü müdafiə zamanı bıçaq fermerin qarın hissəsinə toxundu, hadisə ölüm ilə nəticələndi.
Polis Şiratorini həbs etdikdə qaçqın məhkum olduğu müəyyən oldu. Məhkəmə zamanı özünü müdafiə etdiyini söyləsə də, ona inanmadılar. Üzərində olan ölüm hökmü üzərinə əlavə olaraq 3 il əlavə olundu. Növbəti dəfə 1947-ci il tarixində Sapporo həbsxanasına göndərildi. Kameranın qapısı, divarları olduqca güvənli şəkildə möhkəmləndirildi. Nəzarətçilər düşündülər ki, artıq heç bir təhlükə yoxdur, məhbusun qaçması mümkün deyil. Şiratorinin öncəki 3 qaçışı yuxarıdan olduğu üçün bilərəkdən saatlarla yuxarı baxıb qaçış planı hazırlayırmış düşüncəsi yaratdı. Nəzarətçilər tamamilə əmin oldular ki, artıq qaçış riski yoxdur. Lakin unutduqları bir şey var idi: döşəmə zəif idi. Şiratori yatağın altını söküb yemək qabı ilə tunel qazdı. Yatağın içərisinə isə döşəmədən sökdüyü taxta parçalarını düzüb yatmış görüntüsü yaratdı. Nəhayət, 4-cü dəfə qaçmağı bacardı. Boş bir parkda tək oturduğu zaman yanına yaxınlaşan polis mehribanlıqla ona bir siqaret verdi. Gördüyü insani münasibətdən kövrələn Şiratori qaçaq məhkum olduğunu etiraf etdi.
Növbəti dəfə məhkəmə qarşısına çıxdı. Lakin Yaponiya İkinci Dünya Müharibəsindən ağır məğlubiyyətlərlə çıxmış, qanunlar dəyişmişdi. Onun günahsız olduğuna inanıldı, üzərindəki ömürlük həbs və ardından edam hökmü qüvvədən düşdü. Ölən fermer hadisəsi isə özünü müdafiə olaraq qəbul edilib 20 il azadlıqdan məhrum etmə cəzası aldı. Artıq kimsə onu təhqir etmir, alçaltmır, işgəncə etmirdi. Həbs həyatı boyu nümunəvi davranışı səbəbilə vaxtından tez azadlığa buraxıldı. Qızının yanına dönüb 79 il yaşadı. Yoşie Şiratorinin həyat hekayəsi o qədər maraq doğurdu ki, eyniadlı film çəkildi. Şiratorinin hekayəsi insanın insana olan münasibətinin mənfi, müsbət qütblərini çılpaqlığı ilə ortaya çıxarır.

Tərifə Şükürqızı
