Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Cəbrayılın Azadlığı – Tarixi Zəfərimizin Parlaq Səhifəsi

03 Oktyabr 2026, 21:26 Cəmiyyət
728×90

Cəbrayılın Azadlığı – Tarixi Zəfərimizin Parlaq Səhifəsi

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə həyata keçirdiyi Vətən müharibəsi nəticəsində işğaldan azad edilən şəhərlərimizdən biri də qədim Cəbrayıl şəhəridir. 4 oktyabr 2020-ci il Cəbrayıl şəhərinin işğaldan azad edildiyi şanlı tarix kimi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğaldan əvvəl rayonun ərazisi 1050 kvadrat kilometr, əhalisi isə təxminən 52 min nəfər olmuş, rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olmuşdur. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, sosial və mədəni infrastrukturu dağıdılmış, tarixi-mədəni irsinə ciddi ziyan vurulmuşdur.

İşğaldan əvvəl Cəbrayıl rayonu iqtisadi, sosial və mədəni baxımdan inkişaf etmiş bölgələrdən biri idi. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, mal-qaranın kökəltmə birliyi və quşçuluq fabriki fəaliyyət göstərirdi. Təhsil və səhiyyə sistemi də geniş inkişaf etmişdi. Rayon ərazisində 72 ümumtəhsil məktəbində 1660-dan çox müəllim çalışır, xəstəxanalarda 92 həkim və 432 orta ixtisaslı tibb işçisi fəaliyyət göstərirdi. Həmçinin 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və tarix-diyarşünaslıq muzeyi mövcud idi. Muzeydə 20 mindən artıq eksponat qorunurdu.

İşğal nəticəsində Cəbrayıl rayonunun tarixi və mədəni irsinə, iqtisadiyyatına və infrastrukturuna böyük ziyan dəymişdir. Rayonun 132 tarixi abidəsi, məktəbləri, səhiyyə və mədəniyyət müəssisələri, yaşayış məntəqələri dağıdılmışdır. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid olmuş, 191 nəfər yaralanaraq əlil olmuş, 6 rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Cəbrayılın işğaldan azad edilməsi Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı mühüm tarixi qələbələrdən biri oldu. 4 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyini elan etdi. Bu qələbə Azərbaycan xalqının 27 illik həsrətinə son qoyan mühüm hadisələrdən biri kimi tarixə düşdü.

Bu gün Cəbrayıl rayonu işğaldan azad edilmiş digər ərazilərimiz kimi böyük quruculuq və bərpa mərhələsini yaşayır. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı təmin edilir.

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü yalnız bir şəhərin azad olunmasının ildönümü deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, ordumuzun qəhrəmanlığının və ərazi bütövlüyümüzün bərpasının rəmzidir. Cəbrayılın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

728×90
Paylaş: