Bakı Dövlət Sirki təzə mövsümə “Sehrli Payız” proqramı ilə start verir – FOTO

Bakı Dövlət Sirki payız mövsümünə start verərək tamaşaçılara “Sehrli Payız” adlı beynəlxalq sirk proqramını təqdim edir. Oktyabrın 11-dən noyabrın 23-dək Su İdman Sarayının yanında inşa edilmiş nəhəng şapitoda nümayış olunacaq sirk proqramında Avropanın və Asiyanın 4 fərqli ölkəsindən – Qazaxıstan, Almaniya, Rusiya və Ukraynadan dəvət olunmuş, beynəlxalq festivalların лауреатı olan sirk artistləri çıxış edirlər.
Bakı Dövlət Sirkinin direktoru Nahid Əliyevin bildirdiyinə görə, proqram tamaşaçıların istəkləri və keçirilən sorğuların nəticələri əsasında formalaşdırılıb. Şouda hava uçuş gimnastikası, akrobatik janrlar, atıcı taxtalar üzərində akrobatika, turnikdə çıxışlar, həmçinin kəmərlərdə və halqada akrobatik hava duetlərinə xüsusi yer verilib. Bununla yanaşı, proqramda təlimləndirilmiş itlər, pişiklər, meymun və məzəli ayının iştirakı ilə maraqlı nömrələr, eləcə də tamaşaçılarla canlı ünsiyyət quran interaktiv kloun çıxışları yer alır. Həmçinin 2023-cü ildə Bakıda böyük rəğbətlə qarşılanmış Almaniyadan olan hava gimnastı xanımlar yeni nömrə ilə yenidən səhnəyə qayıdıblar.
Möhtəşəm sirk proqramı həftənin sonları (şənbə və bazar günləri) və bayram günlərində saat 12:00 və 15:00-da təqdim olunur. Biletlərin qiyməti 11-35 manat aralığında dəyişir.
Sirkin ənənəvi sosial məsuliyyət aksiyaları çərçivəsində ilk tamaşalarda şəhid və qazi övladlarına, eləcə də xüsusi diqqətə ehtiyacı olan uşaqlara təmənnasız xüsusi yerlər ayrılıb. Qeyd edək ki, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi artıq 30 ildən çoxdur ki, Bakı Dövlət Sirki ilə bu istiqamətdə sıx əməkdaşlıq edir.

