BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi

BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi
Kəlbəcərin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi təkcə Azərbaycanın ərazi bütövlüyünə qarşı deyil, həm də beynəlxalq hüququn fundamental prinsiplərinə qarşı yönəlmiş hərbi təcavüz idi. Bu hadisədən sonra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər münaqişənin hüquqi mahiyyətini və işğalın qəbuledilməzliyini bir daha təsdiqlədi.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı Qətnaməni qəbul etdi. Sənəddə Kəlbəcər rayonunun və Azərbaycanın digər işğal olunmuş ərazilərinin ələ keçirilməsi pislənilir, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın bütün digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunurdu.
Bu qətnamə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq səviyyədə verilmiş mühüm hüquqi-siyasi dəstək idi. Lakin Ermənistan həmin sənədin tələblərini yerinə yetirmədi. Təəssüf doğuran digər məqam isə beynəlxalq ictimaiyyətin qətnamələrin icrası üçün təsirli və qətiyyətli mexanizmlərdən istifadə etməməsi oldu.
Nəticədə işğal uzun illər davam etdi, yüz minlərlə azərbaycanlı öz doğma yurduna qayıtmaq hüququndan məhrum edildi, işğal olunmuş ərazilərdə dağıntılar və talanlar davam etdi. Beynəlxalq hüququn tələblərinin icrasız qalması regionda ədalətsiz status-kvonun qorunmasına şərait yaratdı.
Azərbaycan isə bütün bu illər ərzində beynəlxalq hüquqa əsaslanan mövqeyindən geri çəkilmədi. Ölkəmiz diplomatik müstəvidə ərazi bütövlüyünün bərpası üçün ardıcıl mübarizə apardı, eyni zamanda güclü iqtisadiyyat və müasir ordu quruculuğunu təmin etdi.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə və Kəlbəcərin noyabrın 25-də Azərbaycana qaytarılması beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan milli iradənin təntənəsi oldu. Bu hadisə bir daha göstərdi ki, hüquqi ədalətin bərpası üçün siyasi qətiyyət və milli güc mühüm amillərdir.
Etibar Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini
