Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Cəbrayılın Böyük Qayıdış Salnaməsi

03 Oktyabr 2026, 21:29 Cəmiyyət
728×90

Cəbrayılın Böyük Qayıdış Salnaməsi

 

Cəbrayıl rayonunun işğalı yalnız bir ərazinin itirilməsi deyil, minlərlə insanın doğma torpaqlarından məcburi köçkün düşməsi ilə nəticələnən ağır faciə olmuşdur. İşğaldan sonra Cəbrayıl rayonundan olan məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış, respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən düşərgələrdə, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində yaşamağa məcbur olmuşlar. Bu insanlar uzun illər doğma yurdlarına qayıtmaq arzusu ilə yaşamış, Cəbrayılın azad ediləcəyi günü böyük ümidlə gözləmişlər.

Cəbrayılın tarixi taleyində Cocuq Mərcanlı kəndinin xüsusi yeri vardır. 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər həyata keçirilən uğurlu Horadiz əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdir. Əməliyyat ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun mühüm hərbi uğurlarından biri olmuş, Horadiz qəsəbəsi və Füzuli rayonunun bir sıra kəndləri ilə yanaşı, Cocuq Mərcanlının da azad olunması təmin edilmişdir.

Lakin kəndin ətrafındakı strateji yüksəkliklərin uzun müddət Ermənistan silahlı qüvvələrinin nəzarətində qalması Cocuq Mərcanlıda təhlükəsiz yaşayışın bərpasına imkan vermirdi. Kənd sakinləri öz doğma torpaqlarına qayıtmaq imkanından məhrum olmuşdular. Bu vəziyyət 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə ilə dəyişdi. Əks-hücum əməliyyatı nəticəsində strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi və bununla da Cocuq Mərcanlının təhlükəsizliyi təmin olundu.

Lələtəpənin azad edilməsi Cocuq Mərcanlının yenidən həyata qayıtmasına yol açdı. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində kənddə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirildi. 2017-ci ildə kəndin bərpası başa çatdırıldı, yaşayış evləri, məktəb, tibb məntəqəsi və digər zəruri infrastruktur yaradıldı. Beləliklə, illərlə doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin bir qismi öz torpaqlarına qayıtmaq imkanı əldə etdi.

Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın ilk real nümunəsi və rəmzi başlanğıcı oldu. Bu qayıdış Azərbaycan dövlətinin işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən qurulacağına dair siyasi iradəsinin və xalqımızın öz doğma torpaqlarına qayıtmaq əzminin göstəricisi idi. Cocuq Mərcanlıda bərpa edilən həyat sonrakı mərhələdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı Böyük Qayıdış prosesinin mühüm təməlini formalaşdırdı.

Cəbrayılın taleyində 1994-cü il Horadiz əməliyyatından 2016-cı il Aprel döyüşlərinə, oradan isə 2020-ci il Vətən müharibəsinə uzanan yol Azərbaycan Ordusunun mərhələli şəkildə güclənməsinin və torpaqlarımızın azadlığı uğrunda mübarizənin tarixi salnaməsidir. 2020-ci ildə Cəbrayıl şəhərinin və rayonun kəndlərinin işğaldan azad edilməsi isə bu mübarizənin möhtəşəm Zəfərlə nəticələnməsini təmin etdi.

Bu gün Cəbrayılın yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Böyük Qayıdış siyasətinin mühüm istiqamətlərindən biridir. Cocuq Mərcanlıdan başlayan qayıdış yolu artıq Cəbrayıl şəhərinə və rayonun digər yaşayış məntəqələrinə doğru davam edir. Bu yol Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıdışının, dövlətimizin gücünün və milli iradəmizin təntənəsinin parlaq ifadəsidir.

Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdış Cəbrayılın azadlığı ilə Zəfər yoluna çevrildi. Qarabağ Azərbaycandır!

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

728×90
Paylaş: