Heydər Əliyev dövlətçilik ənənələrinin qorunmasına və inkişafına çalışmış böyük şəxsiyyət kimi qalmışdır

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında yalnız yüksək dövlət vəzifələri daşımış siyasi xadim kimi deyil, həm də ölkənin mürəkkəb tarixi dövrlərində məsuliyyətli qərarlar qəbul etmiş, dövlətçilik ənənələrinin qorunmasına və inkişafına çalışmış böyük şəxsiyyət kimi qalmışdır
Azərbaycan xalqının çoxəsrlik tarixində dövlətçiliyin inkişafına, xalqın milli-mənəvi dəyərlərinin qorunmasına və ölkənin gələcək inkişafına böyük töhfələr vermiş şəxsiyyətlər xüsusi yer tutur. Belə tarixi şəxsiyyətlər sırasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı xüsusi ehtiramla çəkilir. Onun həyat yolu, siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər ölkənin müasir tarixinin mühüm səhifələrini təşkil edir.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında yalnız yüksək dövlət vəzifələri daşımış siyasi xadim kimi deyil, həm də ölkənin mürəkkəb tarixi dövrlərində məsuliyyətli qərarlar qəbul etmiş, dövlətçilik ənənələrinin qorunmasına və inkişafına çalışmış böyük şəxsiyyət kimi qalmışdır. Onun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan dövlətinin güclənməsi, xalqın milli özünüdərkinin möhkəmlənməsi və ölkənin müstəqil inkişaf yolunun müəyyənləşdirilməsi olmuşdur.
Ulu Öndərin siyasi fəaliyyətinin ilk mühüm mərhələsi Azərbaycan SSR-də rəhbərlik etdiyi dövrə təsadüf edir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikanın sosial-iqtisadi və ictimai həyatında bir sıra mühüm dəyişikliklər baş vermişdir. Həmin illərdə sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması, kənd təsərrüfatının imkanlarının genişləndirilməsi, təhsil və kadr hazırlığının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev yaxşı başa düşürdü ki, ölkənin gələcək inkişafı üçün yalnız iqtisadi imkanların artırılması kifayət deyil. Bunun üçün savadlı, peşəkar və milli düşüncəyə malik kadrların hazırlanması da vacibdir. Bu məqsədlə Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin ittifaqın aparıcı ali məktəblərində təhsil almasına xüsusi diqqət yetirilmişdir. Sonrakı illərdə həmin mütəxəssislərin müxtəlif sahələrdə çalışması Azərbaycanın dövlət və idarəçilik potensialının formalaşmasına öz təsirini göstərmişdir.
Heydər Əliyevin siyasi fəaliyyətinin növbəti mühüm mərhələsi onun SSRİ rəhbərliyində təmsil olunması ilə bağlıdır. 1982-ci ildə Sovet İttifaqının rəhbərliyində yüksək vəzifəyə irəli çəkilən Heydər Əliyev ittifaq miqyasında böyük məsuliyyət tələb edən vəzifələrdə çalışmışdır. Bu dövr onun geniş siyasi təcrübəsinin və idarəçilik bacarığının formalaşmasında mühüm mərhələ olmuşdur. Lakin Azərbaycan üçün Heydər Əliyevin fəaliyyətinin ən mühüm səhifələrindən biri onun müstəqillik dövründə ölkəyə rəhbərlik etdiyi illərlə bağlıdır. 1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi, iqtisadi və sosial çətinliklərlə üzləşmişdi. Dövlət müstəqilliyinin ilk illərində idarəçilik sistemindəki problemlər, iqtisadi böhran, ictimai-siyasi gərginlik və digər çətinliklər ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı. Belə mürəkkəb bir şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixində mühüm hadisə kimi qiymətləndirilir. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə Bakıya gələn Heydər Əliyev əvvəlcə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, daha sonra Azərbaycan Respublikasının Prezidenti olmuşdur. Bu dövrdə əsas vəzifələrdən biri ölkədə sabitliyin və idarəetmənin təmin edilməsi idi.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
