Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Gündə iki dəfə insanların “səbr imtahanı” – FOTO

01 Oktyabr 2026, 10:30 Manşet
728×90

Aşağıdakı şəkilə  diqqətlə baxın!

21 nömrəli marşrut avtobusu, önündə isə yorğun, çarəsiz və artıq ümidini saatlara təslim etmiş insan kütləsi. Amma söhbət təkcə 21-dən getmir  – bu, hər gün axşam saat 17:00-dan  21:00-a qədər şəhərin onlarla nöqtəsində təkrarlanan klassik “Bakı serialı”nın növbəti epizodudur.


​Təsəvvür edin ki, işdən çıxmısınız, evə getmək istəyirsiniz. Qabaqdakı avtobus ağzınadək dolub, qapıları çətinliklə bağlanır. Hətta qapının ağzında dayanan insanların “içəri daha bir nəfər də sığmaz” baxışları hər şeyi izah edir. Arxada isə iki dənə bombastik, bomboş avtobus növbəsini gözləyir.

Amma yox!  Pik saatda – hər dəqiqənin qızıl olduğu bir vaxtda o dolu avtobus yerindən tərpənmək üçün mütləq o “müqəddəs” 10 dəqiqəlik intervalın tamamlanmasını gözləməlidir.

Şərtlər belədir, cənablar!

İnsanlar içəridə konserv qutusundakı balıq kimi sıxılıb tər tökə bilər, amma interval cədvəlinə xələl gələ bilməz!

​Elə səhərlər də ssenari. Dayanacaqlar insan əlindən qaynayır, gələn avtobusların çoxu  isə saxlamadan keçir. Çünki içəridə fizika qanunları artıq öz gücünü itirib, növbəti sərnişin üçün yer yoxdur.

Və təbii ki, bu dramın baş qəhrəmanı kim olur?

Bəli, sürücü!

Bütün qəzəb, söyüş, təhqir və təhdidlər birbaşa onun üzərinə tökülür. Biçarə sürücü də sükan arxasında “Axı mən neyləyə bilərəm, Ağabala?” baxışları ilə məsum-məsum insanlara baxır.

Doğrudan da, o nə etsin?

Cədvəli o yazmır, xəttə avtobus sayını o təyin etmir. Səsini də çıxarsa, deyəcəklər: – “Əsəbidir. Bunun psixoloji durumunu yoxlamamış işə niyə götürüblər?”

​Bunu nizamlamaqla cavabdeh olan aidiyyəti tərəflər –  Azərbycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və  şirkət də  sanki mövcud  mənzərəni izləməkdən xüsusi bir həzz alırlar.

Metronun bəzi stansiyalarının təmirə bağlanması ilə yaranan əlavə sərnişin axınını nəzərə almaq, pik saatlarda intervalı 10 dəqiqədən 3-5 dəqiqəyə endirmək axı elə bir “kosmik texnologiya” tələb etmir!

​Arxada boş duran avtobusları pik saatda xəttə buraxıb insanlara verilən bu gündəlik “işgəncə”yə son qoymaq bu qədərmi çətindir? Yoxsa məqsəd doğrudan da insanlara dözümlülük dərsi keçməkdir?

​Hörmətli yetkililər, bu insanlar hər gün işdən evə yox, sanki mənəvi və fiziki sınaq meydançasından keçib gedirlər. Bir az məntiq, bir az çevik idarəetmə və intervalı azaltmaqla bu düyünü çözmək mümkündür.

Bəlkə bir dəfə də olsun sərnişinlərin rahatlığını interval kağızındakı rəqəmlərdən üstün tutasınız?

Jalə Asiman

AJB üzvü

728×90
Paylaş: