Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Girov adı ilə alqı-satqı: həm əmlakınızı itirmək, həm də borclu qalmaq riski

01 Oktyabr 2026, 10:00 Cəmiyyət
728×90

Son vaxtlar mənə edilən müraciətlərdə narahatedici bir vəziyyət təkrarlanır: vətəndaş evini və ya avtomobilini girov qoyub borc aldığını düşünür, lakin sənədlərə baxanda əmlakın alqı-satqı müqaviləsi ilə başqa şəxsin adına keçirildiyi məlum olur.

Şifahi razılaşma isə belə təqdim edilir: “Əmlak müvəqqəti mənim adıma keçsin, borcu qaytaranda sənə qaytaracağam”. Təcili pula ehtiyacı olan insan bu vədə inanır, müqaviləni imzalayır və sonradan aylıq ödənişlər etməyə başlayır.
Problem ödəniş gecikəndə, bəzən isə borcun ödənildiyi bildirildikdən sonra üzə çıxır. Qarşı tərəf əmlakı qaytarmaqdan imtina edir və alqı-satqı müqaviləsinə əsaslanaraq onun sahibi olduğunu bildirir. Vətəndaşın “Mən əmlakımı satmamışdım, sadəcə girov qoymuşdum” deməsi isə mübahisəni öz-özünə həll etmir.
Risk bəzən əmlakın itirilməsi ilə də bitmir. Alqı-satqı ilə yanaşı ayrıca borc müqaviləsi də imzaladılır. Məsələn, şəxs faktiki olaraq bir dəfə 50 min manat alır, amma sənədlərdə həm əmlakın 50 min manata satıldığı, həm də ayrıca 50 min manat borc götürüldüyü göstərilir. Sonradan qarşı tərəf əmlakı özündə saxlamaqla yanaşı, borc müqaviləsi üzrə də pul tələb edə bilər.
Belə tələb irəli sürülməsi onun əsaslı olduğu demək deyil. Araşdırılmalıdır ki, pul bir dəfə, yoxsa iki ayrı əməliyyat üzrə verilib, müqavilələr hansı məqsədlə bağlanıb və edilmiş ödənişlər hansı öhdəliyə aid olub. Sənədlərlə faktiki münasibət arasındakı fərq burada həlledici əhəmiyyət daşıyır.
Girov və ipoteka borcun icrasını təmin etmək üçündür. Əmlakın təminat kimi göstərilməsi özlüyündə onun mülkiyyətinin borcverənə keçməsi demək deyil. Alqı-satqı isə əmlakın başqa şəxsin mülkiyyətinə verilməsinə yönəlir. Buna görə “adı alqı-satqıdır, əslində girovdur” izahına güvənərək sənəd imzalamaq ciddi risk yaradır.
Tərəflər alqı-satqını ortaq niyyətlə başqa münasibəti, məsələn, borc və onun təminatını gizlətmək üçün rəsmiləşdiriblərsə, yalan əqd məsələsi yarana bilər. Qanun belə əqdi özlüyündə etibarsız hesab edir. Bununla belə, konkret müqavilənin bu xarakterdə olub-olmadığı və hansı hüquqi nəticələrin tətbiq ediləcəyi sübutlar əsasında müəyyənləşdirilməlidir. Gizlədilən müqavilənin də qanunun tələb etdiyi forma və etibarlılıq şərtlərinə cavab verməsi nəzərə alınır.
Şəxs müqaviləni aldatma nəticəsində imzalayıbsa, bu da ayrıca hüquqi qiymətləndirmə tələb edir. Müqavilənin notariatda təsdiqlənməsi onun qanuni əsaslarla mübahisələndirilməsini istisna etmir. Eyni zamanda, əmlakın qaytarılması tələbi faktiki alınmış borcun avtomatik silinməsi demək deyil.
Belə vəziyyətlə üzləşən şəxs müqavilələrin tam nüsxələrini, bank köçürmələrini, ödəniş qəbzlərini, WhatsApp yazışmalarını və razılaşmanın mahiyyətini göstərən digər qanuni sübutları saxlamalıdır. Əmlakın başqa şəxsə satılması riski varsa, məhkəmədən müvəqqəti təminat tədbiri istənilməsi də qiymətləndirilməlidir. Bunun üçün risk və tələb olunan tədbirin zəruriliyi əsaslandırılmalıdır.
Əvvəlcədən aldatma və ya etibardan sui-istifadə yolu ilə əmlakı ələ keçirmək niyyətinə dair məlumatlar olduqda, hüquq-mühafizə orqanlarına müraciət də gündəmə gəlir. Lakin hər borc mübahisəsi və hər ödənilməmiş öhdəlik avtomatik olaraq dələduzluq sayılmır; konkret hərəkətlər və niyyət araşdırılmalıdır.
Ən düzgün addım riski imzadan əvvəl görməkdir. Müqavilədə faktiki alınacaq məbləğ, faizlər, ödəniş qaydası və təminatın hüquqi forması aydın olmalıdır. Əlavə pul almadığınız halda ayrıca borc aldığınızı təsdiqləyən sənədə imza atmayın. Ödənişləri təyinatı göstərilməklə sənədləşdirin, müqavilələrin nüsxələrini götürün və imzalamazdan əvvəl müstəqil hüquqi məsləhət alın. Peşəkar kredit xidməti təklif edən qurumun bu fəaliyyəti həyata keçirmək səlahiyyətini də yoxlayın.
İmzadan əvvəl verilən bir hüquqi sual sonradan evinizi, avtomobilinizi və illərlə topladığınız vəsaiti qorumağa kömək edə bilər.
Bu tip borc və əmlak mübahisələri mediasiyada da həll edilə bilər. Tərəflər mediatorun iştirakı ilə borcun məbləğini, ödəniş qrafikini, faizlərlə bağlı razılaşmanı və əmlakın qaytarılması şərtlərini barışıq sazişində müəyyən edə bilərlər. Bu, razılaşmanın yazılı şəkildə rəsmiləşdirilməsinə və mübahisənin məhkəməyə getmədən qarşılıqlı razılıqla həllinə imkan yaradır. Qanunla tələb olunan hallarda notariat təsdiqi və dövlət qeydiyyatı prosedurlarına da əməl edilməlidir.

Hüquqşünas | Mediator Zaur Quliyev

728×90
Paylaş: