Azərbaycan son illərdə yaratdığı möhkəm iqtisadi bazaya əsaslanaraq yeni inkişaf mərhələsinə daxil olur

Azərbaycan son illərdə yaratdığı möhkəm iqtisadi bazaya əsaslanaraq yeni inkişaf mərhələsinə daxil olur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı ölkəmizin iqtisadi inkişafının gələcək istiqamətləri barədə mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının çıxışında Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, qarşıda duran vəzifələr, xarici investorlar üçün yaradılan imkanlar və gələcəkdə inkişaf etdiriləcək əsas sahələr geniş şəkildə diqqətə çatdırıldı. Bu çıxışdan aydın görünür ki, Azərbaycan son illərdə yaratdığı möhkəm iqtisadi bazaya əsaslanaraq yeni inkişaf mərhələsinə daxil olur. Əsas məqsəd yalnız əldə edilmiş nəticələri qorumaq deyil, iqtisadiyyatın müxtəlif sahələrini daha da inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, ixrac imkanlarını genişləndirmək və ölkənin dünya iqtisadiyyatındakı mövqeyini daha da gücləndirməkdir.
Müstəqilliyin ilk illərində Azərbaycan ciddi iqtisadi və sosial problemlərlə qarşılaşmışdı. 1990-cı illərin əvvəllərində sənaye istehsalı aşağı düşmüş, iqtisadi əlaqələr zəifləmiş, ölkədə sosial problemlər artmışdı. Bununla yanaşı, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşmüşdü. Bu gün isə həmin dövrlə müqayisədə tamamilə fərqli iqtisadi mənzərə formalaşıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya qoyulması ölkəmizə olan inamın göstəricisidir. Bu vəsaitin mühüm hissəsinin xarici investisiyaların payına düşməsi Azərbaycanın beynəlxalq investorlar üçün cəlbedici ölkəyə çevrildiyini göstərir.
İqtisadi sabitlik həm dövlət, həm də vətəndaş üçün böyük əhəmiyyət daşıyır. Güclü iqtisadiyyat dövlətə sosial layihələri davam etdirməyə, infrastruktur qurmağa, yeni müəssisələr yaratmağa və əhalinin rifahının yaxşılaşdırılmasına imkan verir. Bu baxımdan siyasi sabitlik, iqtisadi müstəqillik və həyata keçirilən ardıcıl siyasət Azərbaycanın gələcək inkişafı üçün əsas amillərdən biridir. Azərbaycan uzun illər ərzində neft və qaz sektorundan böyük gəlirlər əldə edib. Bu gəlirlər ölkənin inkişafına, yolların, məktəblərin, xəstəxanaların, elektrik və qaz infrastrukturunun yenilənməsinə, yeni istehsal sahələrinin yaradılmasına və digər layihələrin həyata keçirilməsinə yönəldilib.
Lakin gələcək üçün əsas məsələlərdən biri iqtisadiyyatın yalnız neft və qazdan asılı olmamasıdır. Buna görə də qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Hazırda ölkənin ümumi daxili məhsulunda qeyri-neft sektorunun payı 70 faizdən çoxdur. Qarşıdakı dövrdə əsas hədəflərdən biri qeyri-neft məhsullarının ixracını artırmaq, yerli istehsalı genişləndirmək və Azərbaycan məhsullarının xarici bazarlarda daha çox tanınmasına nail olmaqdır.
Bu, adi vətəndaş üçün də mühüm məsələdir. Çünki yeni müəssisələrin yaradılması yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı və insanların gəlirlərinin artması deməkdir. Dünyada enerji sahəsində böyük dəyişikliklər baş verir. Bir çox ölkələr ənənəvi enerji mənbələrindən istifadəni azaltmağa və bərpaolunan enerji mənbələrindən daha çox yararlanmağa çalışır.
Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar
