Mehriban Əliyevanın təşəbbüsləri Azərbaycan cəmiyyətində humanist dəyərlərin qorunmasına və geniş yayılmasına xidmət edir

Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və öhdəliklər götürən Birinci vitse-prezident Mehriban xanım Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət və mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur və milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu sözün əsl mənasında Vətənə və xalqa xidmət nümunəsidir.
Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin və qazilərin problemlərinin həlli xüsusi yer tutur. Yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni məhz qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etməsi bu diqqətin bariz nümunəsidir. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlanıb və real işlərə başlanılıb. Qısa müddət ərzində yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb, onların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb.
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharibədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Şuşada möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.
Mehriban xanım Əliyeva öz xeyriyyəçilik fəaliyyəti ilə gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Artıq ictimai həyatımızda xüsusi yer tutan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etməkdə və genişlənməkdədir. Bu təşəbbüslər yalnız sosial rifahın yüksəldilməsinə deyil, həm də Azərbaycan cəmiyyətində humanist dəyərlərin qorunmasına və geniş yayılmasına xidmət edir.
Doğum gününüz mübarək olsun, əziz Mehriban xanım. Sizə xalqımızın yanında olmaq üçün uzun ömür, can sağlığı arzu edirəm.

Bəşirova Xavər Paşa qızı
Şəhid Oktay Bəşirovun bacısı
