Haqqımızda Reklam Əlaqə
160×600
160×600

25 Noyabr – Kəlbəcər Şəhəri Günü: Tarixi Zəfər, Milli Qürur və Böyük Qayıdışın Təcəssümü!

24 Noyabr 2026, 10:04 Cəmiyyət
728×90

25 Noyabr – Kəlbəcər Şəhəri Günü: Tarixi Zəfər, Milli Qürur və Böyük Qayıdışın Təcəssümü!

Azərbaycan xalqının çoxəsrlik tarixində özünəməxsus yeri olan Kəlbəcər qədim tarixi, zəngin təbiəti, füsunkar dağ mənzərələri, mineral su ehtiyatları və misilsiz mədəni irsi ilə seçilən diyarlarımızdan biridir. Kiçik Qafqazın qoynunda yerləşən Kəlbəcər öz təbii gözəllikləri, tarixi abidələri və strateji əhəmiyyəti ilə Azərbaycanın ən qiymətli bölgələrindən hesab olunur. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü isə xalqımızın yaddaşında tarixi ədalətin bərpasını, ərazi bütövlüyümüzün təmin olunmasını və milli birliyimizin təntənəsini ifadə edən əlamətdar günlərdən biridir. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun sakinləri doğma yurdlarından didərgin düşmüş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələrimizə ciddi ziyan vurulmuşdu. Uzun illər ərzində kəlbəcərlilər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamış, öz yurdlarının azad olunacağına inamlarını itirməmişdilər.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində böyük qəhrəmanlıq və şücaət nümayiş etdirdi. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan tarixi Qələbə qazandı, ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm nailiyyətlər əldə edildi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təsis edildi. Bu qərar Kəlbəcərin azad edilməsinin tarixi əhəmiyyətinin və xalqımızın milli yaddaşında tutduğu yerin rəsmi şəkildə əbədiləşdirilməsidir. Kəlbəcər yalnız coğrafi məkan deyil, həm də Azərbaycanın zəngin tarixini, milli-mənəvi dəyərlərini və mədəni irsini özündə yaşadan qədim diyardır. Burada yerləşən tarixi abidələr, qədim yaşayış məskənləri, məbədlər, qalalar və digər mədəniyyət nümunələri xalqımızın keçmişindən xəbər verir. İstisu mineral bulaqları, dağ çəmənlikləri, meşələri və təmiz havası Kəlbəcəri ölkəmizin ən gözəl təbiət guşələrindən birinə çevirir. Bu gün işğaldan azad edilmiş Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət tərəfindən şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, yol-nəqliyyat infrastrukturunun yaradılması, elektrik enerjisi, su və digər kommunal xidmətlərin təmin edilməsi istiqamətində mühüm layihələr reallaşdırılır. Kəlbəcərin iqtisadi potensialının bərpası, turizmin inkişafı, kənd təsərrüfatı imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması əsas prioritetlərdəndir. Cənab Prezident İlham Əliyevin Kəlbəcərə etdiyi səfərlər, burada aparılan tikinti-quruculuq işləri ilə tanış olması və verdiyi tapşırıqlar dövlətimizin bu qədim diyarın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Əsas məqsəd Kəlbəcərin yenidən abadlaşması, burada həyatın canlanması və sakinlərin rahat yaşayışı üçün bütün zəruri şəraitin yaradılmasıdır. Kəlbəcər Şəhəri Günü həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür. Bu torpaqların azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının fədakarlığı heç zaman unudulmayacaq. Onların qanı və canı bahasına əldə edilən Zəfər Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın tarixi qürurunun, milli həmrəyliyinin və yenilməz iradəsinin təcəssümüdür. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, Azərbaycan dövləti öz torpaqlarının müdafiəsi və inkişafı naminə bütün zəruri addımları atmaq əzmindədir. Hazırda Kəlbəcər azadlığın yaratdığı imkanlardan bəhrələnərək sürətli dirçəliş və tərəqqi dövrünü yaşayır.
Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş bu əlamətdar tarix xalqımızın qələbə əzminin, milli birliyinin, dövlətimizin gücünün və sarsılmaz iradəsinin rəmzidir. Bu gün Kəlbəcər Azərbaycanın ümumi inkişaf strategiyasında mühüm mövqeyə malik bölgələrdən biri kimi yenidən formalaşır. Rayonda görülən işlər yalnız dağıdılmış infrastrukturun yenilənməsi və yeni obyektlərin inşası ilə məhdudlaşmır, eyni zamanda, uzun illər doğma torpaq həsrəti ilə yaşayan insanların öz yurdlarına qovuşmaq arzusunun həyata keçirilməsini ifadə edir. Əminliklə demək olar ki, Kəlbəcər bundan sonra da inkişaf edəcək, gözəlləşəcək, öz əvvəlki şöhrətini bərpa etməklə yanaşı, Azərbaycanın ən müasir və abad şəhərlərindən birinə çevriləcəkdir. Kəlbəcər yenidən dirçəlir, doğma sakinlərini qoynuna alır və gələcəyə inamla addımlayır. Bu gün Kəlbəcər azadlığın, Zəfərin və Böyük Qayıdışın rəmzidir!

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova

728×90
Paylaş: