İşsizlik Sığortası kimlərə və hansı hallarda ödənilir?

İşini itirən şəxslərin sosial müdafiəsini təmin etmək və yeni iş tapanadək maliyyə çətinliklərini yüngülləşdirmək məqsədilə tətbiq olunan İşsizlikdən Sığorta Ödənişi, Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” Qanunu ilə tənzimlənir.
Faktum.az xəbər verir ki, bu ödənişi almaq üçün vətəndaşın öz istəyi ilə işdən çıxması kifayət etmir; qanunvericilik müəyyən səbəblərdən və şərtlərdən irəli gələn hallarda bu hüququ tanıyır.
İşsizlik sığortası yalnız işçinin iradəsindən asılı olmayan müəyyən hallarda — dövlət organının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişdikdə və ya müddətli əmək müqaviləsinin müddəti bitdikdə ödənilir. Bu ödənişi əldə etmək üçün şəxsin ən azı 3 il rəsmi sığorta stajı olmalı və o, Dövlət Məşğulluq Agentliyində rəsmi olaraq “işsiz” statusu almalıdır. Müddətli əmək müqaviləsi üzrə işini itirənlər üçün isə xüsusi şərt mövcuddur: onların son 2 ildə fasiləsiz olaraq ən azı 35 təqvim ayı rəsmi əmək müqaviləsi və sığorta stajı tələb olunur. Ödənilən məbləğ şəxsin son orta aylıq əməkhaqqından və stajından asılı olaraq tənzimlənir: 3 ildən 5 ilə qədər stajı olanlara əməkhaqqının 50 faizi, 5 ildən 10 ilə qədər stajı olanlara 55 faizi, 10 ildən yuxarı stajı olanlara isə 60 faizi həcmində maksimum 6 ay müddətinə ödənilir.
Bu ödənişi elektron qaydada rəsimləşdirib əldə etmək üçün vətəndaşlar ilk növbədə e-sosial.az və ya e-gov.az portalına daxil olmalıdırlar. Şəxsi kabinetə ASAN İmza, SİMA və ya FİN kod vasitəsilə daxil olduqdan sonra “Məşğulluq” bölməsindən “İşsiz və ya işaxtaran kimi qeydiyyata alınma” xidmətini seçərək müraciət forması doldurulur. Dövlət Məşğulluq Agentliyi tərəfindən müraciət təsdiqlənib şəxsə rəsmi “İşsiz” statusu verildikdən sonra, yenidən portal üzərindən “İşsizlikdən sığorta ödənişinin təyini” bölməsinə keçid edilir. Buradan staj və xitam maddəsi sistem tərəfindən təhlil olunur, vətəndaş öz IBAN bank kartı məlumatlarını daxil edərək müraciətini tamamlayır. Nəticədə müəyyən olunmuş sığorta ödənişi hər ay avtomatik olaraq vətəndaşın bank hesabına köçürülür. Elektron sistemdən istifadə etməkdə çətinlik çəkənlər isə şəxsiyyət vəsaitləri ilə DOST Mərkəzlərinə və ya Dövlət Məşğulluq Agentliyinin yerli filiallarına yaxınlaşaraq müraciətlərini ünvanlaya bilərlər.
