20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü: Xankəndidə keçirilən hərbi parad tarixi Zəfərin rəmzi

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü: Xankəndidə keçirilən hərbi parad tarixi Zəfərin rəmzi
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan tarixində dövlət suverenliyinin tam bərpasını, Qarabağda uzun illər davam etmiş münaqişənin hərbi-siyasi nəticələrinin tamamlanmasını və bu ərazilərdə Azərbaycan Respublikasının dövlət hakimiyyətinin bərqərar olmasını ifadə edən əlamətdar tarixdir. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyənləşdirilib. Bu tarix 2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin nəticələri ilə bağlıdır. Rəsmi məlumata görə, həmin tədbirlər nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Bu tarixi prosesin mühüm siyasi və mənəvi nəticələrindən biri isə 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi oldu. Paradın məhz Xankəndidə təşkil edilməsi Azərbaycan tarixinin müxtəlif mərhələlərini bir araya gətirən simvolik hadisə idi. 2020-ci il Vətən müharibəsində əldə olunan hərbi qələbədən üç il sonra Azərbaycan Ordusunun parad heyətlərinin Xankəndi şəhərinin mərkəzi meydanından keçməsi 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpasının nəticələrini nümayiş etdirirdi. Parad Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və onların oğlu Heydər Əliyevin iştirakı ilə keçirilib. 2023-cü il noyabrın 8-də keçirilən paradın xüsusi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan Ordusunun şəxsi heyəti Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı və Şuşa şəhərinə sancılmış, Zəfərin rəmzinə çevrilmiş Zəfər Bayrağı altında keçid etdi. Parad zamanı Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Bu məqam Vətən müharibəsində və sonrakı hərbi əməliyyatlarda qazanılmış nəticələrin arxasında dayanan tarixi məsuliyyəti və şəhidlərin xatirəsinə ehtiramı ifadə edən mühüm mərasim elementi idi. Paradın hərbi tərkibi də Azərbaycanın Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərini və xüsusi təyinatlı birləşmələrini əhatə edirdi. Azərbaycan Ordusunun müxtəlif ordu korpuslarının parad heyətləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarının, Hərbi Hava Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal”, Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlılarının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin və Prezidentin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının parad heyətləri də keçiddə iştirak etdilər. Paradın bu tərkibi Azərbaycan dövlətinin təhlükəsizlik və müdafiə sisteminin müxtəlif strukturlarının vahid məqsəd ətrafında birliyini nümayiş etdirirdi. Noyabrın 8-dəki paradı yalnız 2020-ci ilin Zəfərinin ildönümü kimi qiymətləndirmək kifayət deyil. Çünki 2023-cü ilin sentyabrında baş vermiş hadisələr 2020-ci il müharibəsində başlanmış prosesin mühüm nəticələrindən biri oldu. Azərbaycan Prezidentinin rəsmi çıxışında qeyd edildiyi kimi, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2023-cü il sentyabrın 19–20-də isə Qarabağ bölgəsində keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan dövlətinin suverenliyi tam bərpa edildi. Beləliklə, 8 Noyabr və 20 Sentyabr Azərbaycan dövlətçiliyi baxımından bir-biri ilə bağlı tarixi mərhələlər kimi təqdim olunur. Azərbaycan Prezidentinin 2023-cü il noyabrın 8-də Xankəndidəki çıxışında vurğuladığı əsas məqamlardan biri də 44 günlük Vətən müharibəsinin Azərbaycan Ordusunun hərbi potensialını, peşəkarlığını və döyüş qabiliyyətini nümayiş etdirməsi idi. Rəsmi çıxışda qeyd olunurdu ki, 44 gün ərzində Azərbaycan Ordusu ardıcıl şəkildə irəliləmiş, şəhər və kəndlər azad edilmiş, Şuşa əməliyyatı isə Zəfərin həlledici mərhələlərindən birinə çevrilmişdir. Müharibənin sonunda Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması da 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının nəticələri sırasında mühüm yer tutdu.
2020-ci il Zəfərindən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biri Qarabağda dövlət suverenliyinin tam təmin edilməsi idi. 2023-cü ilin sentyabrına qədər bölgədə Ermənistan silahlı qüvvələrinin mövcudluğu və separatçı idarəetmə strukturlarının fəaliyyəti bu prosesin başa çatmadığını göstərirdi. 19–20 sentyabr 2023-cü il tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədəki silahlı birləşmələr tərksilah edildi və separatçı rejimin mövcudluğuna son qoyuldu. Azərbaycan Prezidentinin rəsmi saytında bu proses dövlət suverenliyinin tam bərpası kimi xarakterizə olunur.
Veteran müəllim Vəfadar Niftəliyev
