Yaşıl trendin pərdəarxası

Faktum.az xəbər verir ki, iyulun 31-i xüsusilə ABŞ və Qərb ölkələrində, eləcə də sosial medianın vizual aləmində “Milli Avokado Günü” kimi qeyd olunur. Müasir dövrdə sağlam həyat tərzinin və bəzəkli səhər yeməklərinin ana simvoluna çevrilən bu meyvə, əslində təkcə kulinariya trendi deyil, həm də tarixin, marketinqin və ekologiyanın maraqlı bir fenomendir.
Mərkəzi və Cənubi Amerikadan mənşə alan avokadonun tarixi 10 bin il əvvələ, Mayya və Astek sivilizasiyalarına dayanır. Asteklərin “ahuacatl” adlandırdığı bu meyvə XX əsrin əvvəllərində Amerika bazarına ilk daxil olanda çox da cəlbedici olmayan “Timsah armudu” (Alligator pear) adı ilə tanınırdı. Lakin marketoloqların müdaxiləsi və adın “Avokado” olaraq dəyişdirilməsi ilə satışlarda kəskin sıçrayış baş verdi. Tərkibindəki doymamış faydalı yağlar (Omeqa-9), K, E, C vitaminləri və kalium sayəsində təbiətin ən güclü antioksidantlarından biri olan bu qida, 2010-cu illərdən etibarən sosial mediamın vizual estetikası və “Instagram tərzində” yaşam trendləri sayəsində qlobal bir kulta çevrildi. Bu gün “yaşıl qızıl” adlandırılan və bəzi ölkələrin iqtisadiyyatında böyük rol oynayan avokado, eyni zamanda 1 kiloqramının yetişdirilməsi üçün təxminən 2000 litr su tələb olunduğundan qlobal ekoloji müzakirələrin də mərkəzində yer alır. Nəticə etibarilə, boşqabımızdakı sadə bir avokado dilimi – marketinq strategiyasının, sosial şəbəkə estetikası və qədim tarixin necə bir araya gəldiyinin ən bariz göstəricisidir.
