Yanvardan pensiyası kəsilən Elmana ömürlük I dərəcə əlillik verildi (VİDEO)

Ucar rayon sakini, 1997-ci il təvəllüdlü Əliyev Elman Arif oğluna müddətsiz, yəni ömürlük olmaqla I dərəcə əlillik təyinatı aparılıb.
Bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən bildirilib.
“Belə ki, Əliyev Elman Arif oğlunun II dərəcə əlillik müddəti bitsə də, əlillik müddətinin uzadılması üçün zəruri olan Forma 88 göndərişi elektron sistemə daxil edilməmişdi.
Bu göndəriş olmadığı halda əlillik təyinatı aparmaq mümkün deyil.
Elman Əliyevlə bağlı mediadan məlumat əldə edən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi məsələni nəzarətə götürdü.
Zəruri texniki prosedurların icrası üçün TƏBİB-lə əməkdaşlıq şəraitində birgə dəstək işləri aparıldı.
Elman Əliyevə dair göndəriş müvafiq tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edildi.
Qısa müddətdə qiymətləndirmə aparılaraq ona, qeyd etdiyim kimi, orqanizmin funksiyalarının 85% pozulmasına görə, yəni I dərəcə müddətsiz əlillik, habelə əlilliyə görə aylıq sosial ödənişlər təyin edildi”, – deyə məlumatda bildirilir.
