Ümumdünya Sandviç Günü

Dünyanı fəth edən məşhur qəlyanaltının yaranma tarixi və maraqlı faktlar
Faktum.az xəbər verir ki, hər il noyabrın 3-də qastronomik təqvimdə xüsusi yeri olan Ümumdünya Sandviç Günü (World Sandwich Day) qeyd edilir. Müasir dövrdə sürətli həyat ritminin, iş mühitinin və səyahətlərin vazkeçilməz qidası olan sandviç sadəcə iki dilim çörək arasındakı ərzaqlardan ibarət deyil. Onun yaradılması XVIII əsr aristokratiyasına dayanır və dünya mətbəxində özünəməxsus bir mədəniyyət formalaşdırıb.
Məşhur qəlyanaltının maraqlı tarixi, adının mənşəyi və qastronomik faktlar:
Sandviç öz adını IV Sandviç qrafı – Con Monteqyudan (John Montagu) alıb. Əfsanəyə görə, qumar oyunlarına aludə olan qraf masadan qalxmadan yemək yemək üçün aşpazından ətləri iki dilim qızardılmış çörək arasında gətirməsini tələb edir. Bu üsul sayəsində onun əlləri kartları çirkləndirmirdi. Zədəganlar çox keçmədən “Sandviç kimi!” deyərək eyni yeməyi sifariş etməyə başladılar.
Qraf Monteqyu bu konsepsiyanı məşhurlaşdırsa da, çörək arasında qıda yemək ənənəsi daha qədimdir. E.ə. I əsrdə yəhudi din xadimi Hillel Hazaqen Pesax bayramı zamanı fəsəli oxşarı nazik çörək (matza) arasına acı göyərtilər və fındıq əzməsi qoyaraq yeyərdi.
Nyu-Yorkdakı “Serendipity 3” restoranı tərəfindən hazırlanan “Quintessential Grilled Cheese” sandviçi Ginnesin Rekordlar Kitabına düşüb. Qızıl vərəqlərə bükülmüş çörək, nadir Fransız pendiri və xüsusi kərə yağı ilə hazırlanan bu sandviçin qiyməti 214 dollar təşkil edir.
1965-ci ildə “Gemini 3” missiyası zamanı amerikalı astronavt Con Yanq kosmik gəmiyə gizlicə mal əti ilə hazırlanmış sandviç keçirmişdi. Mikroqravitasiya şəraitində çörəyin qırıntıları kosmik gəminin cihazlarına zərər vurma təhlükəsi yaratdığı üçün bu addım ABŞ Konqresində ciddi müzakirələrə və tənqidlərə səbəb olmuşdu.
Hər ölkənin özünəməxsus sandviç mədəniyyəti var. Vyetnamın fransız baton çörəyi ilə hazırlanan “Bánh mì”si, ABŞ-ın məşhur “Club Sandwich” və “Reuben”i, İtaliyanın “Panini”si və ya Türkiyənin “Balık-ekmek”i bu qəlyanaltının nə qədər zəngin bir transmilli mədəniyyətə çevrildiyini göstərir.
Ümumdünya Sandviç Günü sadə bir qəlyanaltının əsrlər ərzində necə qlobal kulinariya fenomeninə çevrildiyini bir daha xatırladır.
