Şanlı Zəfərin əbədiləşdirilməsi: 20 Noyabr – Ağdam Şəhəri Günü

Şanlı Zəfərin əbədiləşdirilməsi: 20 Noyabr – Ağdam Şəhəri Günü
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Bu Zəfər yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, həm də uzun illər işğal altında qalmış torpaqlarımıza həyatın, quruculuğun və inkişafın qayıdışının başlanğıcı oldu. Qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi, onun mahiyyətinin gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il iyulun 31-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 20 noyabr tarixi Ağdam Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Bu qərar Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin əbədiləşdirilməsi, işğaldan azad edilmiş şəhərlərin tarixdəki yerinin və mənəvi əhəmiyyətinin qorunması baxımından xüsusi önəm daşıyır.
20 Noyabr tarixinin Ağdam Şəhəri Günü kimi müəyyənləşdirilməsi təsadüfi deyil. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu həmin ayın 20-də Azərbaycana qaytarılıb. Beləliklə, uzun illər Ermənistanın işğalı altında qalmış Ağdamın azad edilməsi Azərbaycanın hərbi-siyasi Qələbəsinin mühüm nəticələrindən biri kimi tarixə düşüb.
Ağdam Azərbaycan tarixində, mədəniyyətində və ictimai həyatında xüsusi yeri olan qədim yaşayış məntəqələrimizdəndir. İşğal illərində şəhərin və rayonun yaşayış infrastrukturu, tarixi-mədəni abidələri ciddi dağıntılara məruz qalıb. Ağdamın uzun müddət xarabalığa çevrilməsi xalqımızın yaddaşında işğalın ağır nəticələrinin simvolu kimi qalıb. Lakin Azərbaycan dövləti öz gücü və imkanları hesabına bu ərazilərin yenidən qurulmasını əsas prioritetlərdən biri kimi müəyyən edib.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri tarixi Qələbənin real nəticələrini nümayiş etdirir. Müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış məhəllələrinin salınması, yolların, sosial obyektlərin, təhsil və səhiyyə müəssisələrinin inşası, sənaye və logistika infrastrukturunun yaradılması Ağdamın gələcək inkişafının əsasını təşkil edir.
Ağdam Şəhəri Gününün təsis edilməsi həm də doğma yurdlarından məcburi köçkün düşmüş insanların qayıdış arzusunun, tarixi yaddaşın və milli həmrəyliyin təcəssümüdür. 2025-ci il martın 27-dən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması şəhərin yeni həyat mərhələsinə qədəm qoyduğunu göstərir. Doğma torpaqlarına qayıdan sakinlərin yenidən öz evlərində məskunlaşması Böyük Qayıdış siyasətinin mühüm nəticələrindəndir.
20 Noyabrın hər il qeyd olunması yalnız bir tarixi hadisənin xatırlanması demək deyil. Bu gün Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqımızın birliyinin, dövlətimizin siyasi iradəsinin və ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan mübarizənin rəmzidir. Eyni zamanda, Ağdamın yenidən qurulması və dirçəldilməsi gələcək nəsillərə ötürülən mühüm tarixi mesajdır: dağıdılmış şəhərlərimizi bərpa etmək, milli-mədəni irsimizi qorumaq və doğma torpaqlarımızda davamlı həyat qurmaq dövlətimizin əsas məqsədlərindəndir.
Nəticə etibarilə, 20 Noyabr – Ağdam Şəhəri Gününün təsis edilməsi Azərbaycan dövlətinin Vətən müharibəsində qazanılmış tarixi Zəfərə verdiyi yüksək qiymətin ifadəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu əlamətdar günün rəsmiləşdirilməsi Ağdamın azad edilməsinin milli tariximizdəki yerini daha da möhkəmləndirib.
Ağdam bu gün təkcə işğaldan azad edilmiş şəhər deyil, həm də dirçəlişin, quruculuğun, milli iradənin və gələcəyə inamın rəmzidir. Şanlı Zəfərimizin əbədiləşdirilməsi isə bu tarixi hadisələrin daim yaşadılması, qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə çatdırılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı tarixi yaddaşın qorunması deməkdir.
Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktor əvəzi
