Bazardakı paket məcburiyyəti və “cərimə” iddiası: bu qaydanı kim və hansı əsasla tətbiq edir?

Faktum.az-a daxil olan məlumatlara və təqdim olunan görüntülərə əsasən, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 7 ünvanında yerləşən “SB Bazaar” (“AVM Suraxanı Əmircan”) ticarət obyektində fəaliyyət göstərən satıcı və icarədarlara üzərində bazarın adı və əlaqə vasitələri olan paketlərin məcburi qaydada satıldığı bildirilir. Məlumata görə, geyim dükanlarına ağ paketlər 50 qəpikdən verilir, eləcə də sarı paketlər meyvə-tərəvəz satıcılarına sırınır. Halbuki satıcılar həmin qablaşdırma vasitələrini başqa mənbələrdən dəfələrlə sərfəli qiymətə əldə edə bilərlər. Üstəlik, əldə etdiyimiz məlumata görə, bazarda fəaliyyət göstərən heç bir dükanda nəzarət-kassa aparatı mövcud deyil və alıcılara alış-veriş zamanı fiskal qəbz təqdim edilmir.
Məlumat verən şəxslərin bildirdiyinə görə, bazar rəhbərliyi satıcılara açıq ultimatum verərək müştərinin əlində fərqli paket görüləcəyi halda həmin malı satan satıcının 50 manat məbləğində cərimələnəcəyini deyib. Ticarətlə məşğul olan kiçik sahibkarlara və satıcılara əlavə xərc yaradan bu cür sərt tələblər həm icarədarların iqtisadi vəziyyətini çətinləşdirir, həm də bazar mühitində narazılıq yaradır.
Redaksiyamıza müraciət edən şəxslərin qənaətinə görə, bazar ərazisində yaradılan bu cür narazılıq və süni gərginlik fonunda baş verənlər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevi sakinlər arasında nüfuzdan salmağa hesablanmış addım kimi də qiymətləndirilir. Onların fikrincə, gündəlik ticarət və məişət sahəsində yaranan neqativ hallar ictimai rəydə yerli icra hakimiyyətinə qarşı narazılığın formalaşmasına gətirib çıxara bilər.
İddia olunan vəziyyətlə bağlı “SB Bazaar” (“AVM Suraxanı Əmircan”) rəhbərliyindən iki əsas məsələyə aydınlıq gətirilməsini gözləyirik: bazar rəhbərliyi satıcılara 50 manat cərimə tətbiq etmək qərarını hansı hüquqi əsasla, hansı səlahiyyət və ya ixtiyarla və hansı qaydada həyata keçirir, eləcə də bu cür “cərimə” mexanizmi icarə müqavilələrində nəzərdə tutulubmu, yoxsa şifahi və inzibati göstəriş əsasında tətbiq olunur?
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, inzibati cərimələr İnzibati Xətalar Məcəlləsi ilə nizamlanır və yalnız səlahiyyətli dövlət orqanları və ya məhkəmələr tərəfindən qanunda nəzərdə tutulmuş əsaslarla tətbiq oluna bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimələr hər hansı şəxsi və ya özəl fonda deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Özəl kommersiya obyektinin rəhbərliyinin isə qanunvericiliklə müəyyən edilmiş inzibati cərimə kəsmək səlahiyyəti yoxdur. Eyni zamanda, pərakəndə ticarət obyektlərində nəzarət-kassa aparatlarının quraşdırılması və alıcılara qəbz verilməsi Vergi Məcəlləsinin tələbidir və bu tələbin pozulması vergi nəzarəti predmetidir.
Faktum.az olaraq hesab edirik ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Suraxanı Rayon İcra Hakimiyyəti və aidiyyəti digər nəzarət qurumları tərəfindən sözügedən vəziyyətin araşdırılması və barəsində hüquqi tədbir görülməsi üçün müvafiq addımlar atılmalıdır.
Paketin üzərində qeyd olunan mobil nömrə ilə əlaqə saxladıq. Özünü Rəşid kimi təqdim edən, lakin tutduğu vəzifəni “sirr saxlayan” şəxs bütün iddialara yalnız “yalan söhbətdir” deməklə kifayətlənərək, suallarımızı cavabsız qoydu. Redaksiya olaraq adı çəkilən bütün tərəflərin və qurumların rəsmi mövqeyini dərc etməyə hazırıq.
