Qələbəsini öyrənmədən öldü

1900-cü ildə ingilis müstəmləkəsi altına düşmüş Qanada yaşayan, əsrlər boyu Aşanti xalqına məxsus olan qızıl taxt ingilis acgözlüyünə hədəf oldu. İngilis qubernatoru Aşanti xalqından taxtı təslim etmələrini əmr etdi. Lakin bu taxt Aşanti milləti üçün sıradan bir əşya deyil, atalarının ruhunu qoruyan müqəddəs bir dəyər idi.
Aşanti millətinin kişiləri başlarını önə əyib susduqda, 60 yaşlı ana kraliça Yaa Asantewaa üzünü xalqının kişilərinə tutub: “Siz taxtı qorumaq üçün döyüşməsəniz, biz qadınlar döyüşərik!” dedi. Minlərlə qadını ətrafına toplayaraq güclü ingilis ordusuna meydan oxudu və onları günlərlə mühasirədə saxladı. Nəhayət, ingilis ordusuna gələn əlavə kömək nəticəsində Yaa Asantewaa məğlub edildi və Seyşel adalarına sürgün olundu. Bir daha vətənini görə bilmədən, xalqının sonrakı qələbəsindən xəbər tutmadan sürgündə dünyasını dəyişdi. Aşanti xalqı isə müqəddəs taxtı çox etibarlı şəkildə gizlədərək ingilislərə təslim etmədi.
Tarix heç bir izi silmir – nə yaxşını, nə də pisi. Bu gün dünyaya “ingilis kübarlığı” adı altında saxta göstəriş sərgiləməklə dünən müstəmləkələrdə tökdükləri qanları, qədəh-qədəh “içdikləri” barbarlıqlarını gizlədə bilməzlər.
Tərifə Şükürqızı
