Polad relslər üzərində yazılan 146 illik tarix: Dəmir yolu işçilərinin peşə bayramı

Faktum.az xəbər verir ki, oktyabrın 13-ü ölkəmizdə rəsmi olaraq Azərbaycan Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün təkcə bir peşə sahiblərinin ehtiram günü deyil, həm də Azərbaycanın sənayeləşmə, nəqliyyat və strateji logistika sahəsində qət etdiyi zəngin tarixi yolun mühüm mərhələsidir.
Azərbaycanda dəmir yolu nəqliyyatının təməli 1880-ci il oktyabrın 13-də uzunluğu 20 kilometr olan Bakı – Sabunçu – Suraxanı xəttinin istifadəyə verilməsi ilə qoyulmuşdur. Abşeron neftinin daşınmasını sürətləndirmək və iqtisadi səmərəliliyi artırmaq məqsədilə çəkilən bu ilk xətt tezliklə bütöv bir regionun simasını dəyişdi. Şərqdə ilk dəfə neftin çən-vaqonlarla daşınması məhz bu polad relslər vasitəsilə reallaşdı.
Zaman keçdikcə Bakıdan Qafqazın, Yaxın Şərqin və Avropanın digər mühüm mərkəzlərinə doğru uzanan dəmir yolu şəbəkəsi ölkəmizin daxili iqtisadi inteqrasiyasını təmin etməklə yanaşı, Azərbaycanı regional ticarət qovşağına çevirdi. İkinci Dünya Müharibəsi illərində cəbhəyə yanacaq və hərbi texnika daşınmasında dəmiryolçuların nümayiş etdirdiyi fədakarlıq isə bu peşənin nə qədər strateji önəm daşıdığını bir daha sübut etdi.
Dəmiryolçuların əməyinə dövlət səviyyəsində yüksək qiymət verilməsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü “Dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunmuşdur.
Ağır iş şəraitində gecə-gündüz demədən, ölkənin iqtisadi damarlarını açıq tutan, sərnişinlərin mənzil başına təhlükəsiz çatmasını və yük daşımalarının fasiləsizliyini təmin edən bütün dəmir yolu işçilərini peşə bayramları münasibətilə təbrik edirik!
