Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Piyada Səkisi Belə “Təmir” Olunur? – Yasamal İH-nin “Möcüzəli” Məntiqi!

05 Oktyabr 2026, 09:05 Manşet
728×90

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 136 ünvanında piyada səkisi tutulub. Yaşayış binasının xarici görünüşünə qanunsuz müdaxilə olunub.

Faktum.az  olaraq bu barədə araşdırma dərc etmişdik. Məqaləmiz deyəsən, Yasamal Rayon İcra Hakimiyyətində ciddi həyəcan yaradıb.

​Biz sentyabrın 8-də quruma rəsmi media sorğusu göndərmişdik. İcra hakimiyyəti bir aya yaxın müddətdə susdu. Qanuni cavab müddətini pozdu. Yazı işıq üzü görəndən sonra isə gözlənilməz “taktika” seçdilər. Qurum rəsmi blankda cavab vermədi. Sənəd göstərə bilmədi. Bunun əvəzinə sosial şəbəkədə rəy yazmaqla işini bitmiş hesab etdi.

~Səki zəbti, zədələnən arxitektura və Yasamal İcra Hakimiyyətinin “lal-kar” taktikası~

​İcra hakimiyyəti rəy bölməsində yazır ki, “Obyekt təxminən 25 il əvvəl tikilib. Hal-hazırda heç bir artırma işi aparılmır”. Elə həmin mətndə başqa bir iddia da yer alır ki, burada “Obyektin ön hissəsi piyadaların yolunu kəsdiyi üçün tərəfimizdən sökülüb. Hazırda sahibkar zəruri təmir-bərpa işi aparır” deyirlər.

​Bu açıqlama icra hakimiyyətinin özünü necə dolaşdırdığını açıq göstərir. Əgər bu obyekt 25 ildir oradadırsa, piyadaların yolunu kəsdiyi nə vaxtdan bəri yadınıza düşüb? Tam 25 il gözləyib, indi sökdünüz?

İkincisi, əgər piyadaların yolunu kəsən hissə sökülübsə, sahibkar indi həmin sökülən səkinin üstündə nəyi “təmir” edir? Səki zolağında “təmir-bərpa” adı altında hansı iş aparıla bilər?

​Əgər bəhanə uydurursunuzsa, bari digər həmkarlarınızdan nümunə götürün! Məsələn, Xətai və ya Sumqayıt İcra Hakimiyyətləri oxşar qanunsuzluq tutulanda daha “sınaqdan çıxmış səbəb” tapırlar. Dərhal “obyekt şəhid ailəsinə və ya qaziyə məxsusdur, sosial həssaslıq var” deyib məsələni bağlamağa çalışırlar. Siz isə ortada duran təzə ağlaylı, vitrinli obyekti göstərib “bu 25 il əvvəlki tikilidir, sadəcə təmir edirik” deyə, şeytanı güldürən cümlələr qurursunuz.
​Sizin “artırma yoxdur, sadəcə təmirdir” iddianızı çəkdiyimiz VİDEO kökündən darmadağın edir:

Diqqət edin!

​Obyektin xarici divarları sıfırdan təzə ağlay daşları ilə üzlənib.

​Geniş şüşə-vitrin sistemləri və yeni çöl işıqlandırması quraşdırılıb.

​Obyektin böyründə inşaat taxtaları və fəhlə iskələləri qurulub.

​Divarlarda təzə suvaq izləri, yerdə isə tikinti qalıqları var. Hələ arxada biraz aralıdakı yeni suvaqlı tikili divarlarını demirik.

​Kadrlardakı bu mənzərə “təmir” deyil. Bu, səkinin üstündə aparılan açıq-aşkar yenidənqurma və artırma işidir. İcra hakimiyyəti fəhlələrin iskələdə daş ördüyünü görə-görə “artırma yoxdur” deyirsə, bu, artıq ictimaiyyətin gözünə kül üfürməkdir.

​“Media haqqında” və “İnformasiya əldə etmək haqqında” Qanunların tələbi aydındır. Rəsmi sorğuya rəsmi cavab verilməlidir. Sosial şəbəkə rəyində söz yığını yazmaq hüquqi məsuliyyətdən yayınmaqdır.
​Piyada səkisinin zəbt olunması sosial şəbəkə şərhləri ilə qanuniləşdirilə bilməz. Binanın arxitekturasına vurulan zərər ört-basdır edilə bilməz.

Faktum.az  olaraq məsələni diqqətdə saxlayacağıq.

​Mövzunu diqqətdə saxlayırıq.

728×90
Paylaş: