Niyə cahil özündən əmin, alim isə şübhə içindədir? -Dunning-Kruger effekti

Faktum.az xəbər verir ki, sosial psixologiyada müəyyən bir sahədə az bilik və ya bacarığa malik olan insanların öz səriştələrini həddindən artıq yüksək qiymətləndirməsi, həqiqi ekspertlərin isə öz biliklərindən şübhə etməsi tendensiyası “Dunning-Kruger effekti” adlanır.
1999-cu ildə psixoloqlar Devid Danninq və Castin Krüger tərəfindən irəli sürülən bu nəzəriyyəyə əsasən, az bilikli şəxslər iki qat cəzalanırlar: onlar həm yanlış nəticələrə gəlir, həm də öz səhvlərini dərk edə biləcək metaidrak (öz təfəkkürünü qiymətləndirmə) səviyyəsindən məhrumdurlar.
Bu insanlar biliklərinin ilk pilləsində “Cəhalət Zirvəsi” adlanan nöqtəyə çataraq mütləq özünəinam nümayiş etdirirlər. Əksinə, bir mövzunu dərinliyinə qədər öyrənən fərdlər sahənin nə qədər geniş və mürəkkəb olduğunu gördükləri üçün öz imkanlarını daha təmkinli qiymətləndirir və ətrafdakıların da bu mövzunu ən azı onlar qədər bildiyini fərz edərək səhvən özlərini yetərsiz görürlər.
