Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Mərakeşdə bazar mədəniyyəti: Alış-veriş niyə sosial teatr hesab olunur?

05 Oktyabr 2026, 15:00 Dünya
728×90

Faktum.az xəbər verir ki, Mərakeş mədəniyyətində Suk adlanan ənənəvi pazarlar sadəcə alqı-satqı məkana deyil, satıcı ilə alıcı arasında gedən canlı sosial tamaşa və mədəni dialoq səhnəsidir. Əsrlər boyu formalaşan bu bazarlarda malın qiymətini birbaşa ödəyib almaq qarşı tərəfə qarşı nəzakətsizlik və dialoqdan imtina kimi qiymətləndirilir. Mərakeş ticarət fəlsəfəsinə görə, qiymət ticarət prosesində təyin olunan dəyişkən bir dəyərdir və onun ətrafında gedən alver ritualı tərəflər arasında insani təmas yaratmağa xidmət edir.

Marrekeş şəhərində yerləşən Cemaa əl-Fna meydanı və Fes şəhərinin qədim küçələri bu teatrallığın mərkəzi sayılır. Ticarət prosesi adətən satıcının alıcıya ənənəvi Nanə çayı təklif etməsi ilə başlayır. Bu jest tələsmədən, söhbət edərək ortaq məxrəcə gəlmək üçün qurulan psixoloji zəmindir. Satıcı malın keyfiyyətini və əl əməyini tərifləyir, alıcı isə qiyməti aşağı salmaq üçün müxtəlif jestlər və bədən dilindən istifadə edir. Hətta alıcının qiymətlə razılaşmayıb mağazadan uzaqlaşması və satıcının onu geriyə çağırması bu “səhnə əsəri”nin ən klassik epizodlarından biridir.

Antropoloq Clifford Geertz özünün Mərakeş bazarları haqqında apardığı tədqiqatlarda qeyd edir ki, Suk mədəniyyətində qiymət razılaşması yalnız iqtisadi mənfəət deyil, iki insanın bir-birinin zəkasına və sosial bacarığına hörmət etməsi prosesidir. YUNESKO 2008-ci ildə Cemaa əl-Fna meydanındakı şifahi və mədəni irsi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edib. Bu gün Şimali Afrikanın ən rəngarəng ənənələrindən biri olan Mərakeş pazarları müasir ticarət mərkəzlərinin soyuq mexanizminə qarşı insani ünsiyyəti canlı saxlayan nadir məkanlardandır.

728×90
Paylaş: