Mehriban xanımın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır etibarlı dayaq, doğma insan görürlər

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin hər addımın əsasında xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunduğunun şahidi olarıq. Onun “Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir” fikri qazandığı uğurların, gördüyü işlərin bələdçisidir. Mehriban xanım Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri də diqqətə çatdırmışdır: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.”
Bilirsiniz ki, xeyriyyəçilik bizim maarifpərvər, vətənsevər ziyalılarımızın əsas fəaliyyət prinsiplərindəndir. Müasir dövrdə isə xeyriyyəçilik haqqında ən qiymətli məqamları elə Mehriban xanımın öz fikirlərindən öyrənmək mümkündür: “Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, o, cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı, çətin məqamda başqalarından dəstək almış insan özü də, imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyil edəcəkdir. Beləliklə, cəmiyyətimizdə “xeyirxah işlər dairəsi”, qarşılıqlı kömək və dəstək sistemi yaranır ki, bu da son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir“.
Mehriban xanımın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır etibarlı dayaq, doğma insan görürlər. Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir.
Avqust ayının 26-sı Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, kreativ, yüksək erudisiya sahibi olan, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik edir, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban Əliyevaya can sağlığı, ailə səadəti arzulayırıq.

Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub
Şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görmək, qonaqpərvərlik və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərləri olub və bu gün də olmaqdadır. XIX əsrin sonu XX əsrin əvvəllərində bu tarixi-mədəni və mənəvi təməl üzərində Azərbaycanda filantropiyanın bir növü olan mesenatlıq geniş vüsət almışdı. Olduqca qənaətcil sahibkarlar kimi tanınmış insanlar cəmiyyətin rifahı naminə – maarif və təhsilə, mədəniyyət və incəsənətin inkişafına, mülki tikinti işlərinə külli miqdarda vəsait sərf etmişdilər.
Azərbaycanın xeyriyyəçilik institutunun formalaşdırılması istiqamətində qadın xeyriyyə cəmiyyətləri də böyük işlər görmüşdü. Bu sıraya Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya və başqalarının yaratdıqları qadın xeyriyyə cəmiyyətlərini aid etmək olar. Təəssüflər olsun ki, Sovet dövründə xalqımızın malik olduğu qədim xeyriyyəçilik ənənələri itib getmişdi. Məlum ideoloji və sosial-siyasi səbəblər üzündən həqiqi xeyriyyəçilik fəaliyyətinin əhatə dairəsi son dərəcə məhdudlaşdırılmış, praktik olaraq, yalnız məişətdə kömək formasında qalmışdı. Bu gün müstəqil Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi dirçəldən və inkişaf etdirən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan müasir xeyriyyəçilik institutunun əsası isə Mehriban xanım Əliyeva tərəfindən qoyulub.
Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur.
Göründüyü kimi, bu gün ölkəmizdə xeyriyyəçilik sisteminin bir sosial institut kimi iş mexanizmində xüsusi imkanları və məxsusi yeri olan mütəşəkkil vətəndaş xeyriyyəçilik sektoru formalaşır və o, gələcək perspektivlərdə daha da möhkəmlənəcək. Təbii cəmiyyətin demokratikləşməsi və humanistləşməsi yolu ilə irəlilədikcə, ölkəmizdə xeyriyyəçiliyin tərəqqisi yolundakı mənəvi-əxlaqi maneələr də aradan qalxacaq.
Radə Şümşad qızı Qurbanova
Şəhid Xudayar Müslüm oğlu Yusifzadənin anası və
Zeynalova Zübeydə Əmirxan qızı
Şəhid Turqut Fikrət oğlu Zeynalovun anası
