Mehriban Əliyevanın “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq beynəlxalq humanitar missiyaya çevrilibdir

Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi təhsil sahəsinə geniş diqqət və qayğı göstərməkdədir. İctimai fəaliyyətlərdə təhsilin inkişafına və gənclərin potensialını artırmağa töhfələri ilə tanınır, incəsənət və elmi sahələrdə peşəkar hazırlıq, gənc talantların dəstəklənməsi kimi sahələrdə fəaliyyət göstərir. Həyatının başlıca amalı məhz xeyirxahlıq və xoş niyyət olan birinci xanımın adı çoxşaxəli fəaliyyəti, insanlarla ünsiyyəti ilə sanki bir vəhdət təşkil edir. Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət sahələrində reallaşdırdığı genişmiqyaslı layihələr, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda həyata keçirdiyi tədbirlər bu nəcib əməllər sahibinin hərtərəfli bilik və bacarıqlara malik olduğunu göstərir. Mehriban xanımın fəaliyyəti uşaqlardan tutmuş yaşlı insanlara kimi – əhalinin bütün təbəqələrini əhatə edir.
Azərbaycanın birinci xanımı çıxışlarında qeyd edir: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”. Və təsadüfi deyil ki, Heydər Əliyev Fondu tərəfindən uğurla reallaşdırılan “Təhsilə dəstək” layihəsinin əhatə dairəsi, coğrafiyası gündən-günə genişlənməkdədir. Layihə artıq ölkə miqyasından çıxaraq beynəlxalq humanitar missiyaya çevrilibdir. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu baxımdan cəmiyyətdə çox böyük əks-səda doğurub. Ümumilikdə layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində minlərlə şagirdin təhsil aldığı yüzlərlə məktəb binası inşa olunub və ya yenidən qurulub. Təhsillə bağlı reallaşdırılan irimiqyaslı tədbirlər Mehriban Əliyevanın dünya insanının savadlanmasına xidmət etməklə hansı ölkədə yaşamasından asılı olmayaraq insanlara bir addım yaxın, faydalı olmaq məqsədini özündə ehtiva edir. Və onu təkcə bizlər deyil, digər ölkələrdə reallaşdırdığı layihələrdən bəhrələnən insanlar da özünün doğması kimi qəbul edir.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə məktəblərin tikilməsi də təhsilə olan qayğıdan irəli gəlir. Diqqətimi ən çox cəlb edən məqamlardan biri də Mehriban xanımın qayğıya ehtiyacı olan uşaqlara olan diqqətidir. Bir müəllim olaraq bütün uşaqlar adından, yaşadığım və xidmət göstərdiyim kəndlərin sakinləri adından, eyni zamanda, Qarabağ müharibəsi veteranları, qaziləri və Şəhid ailələri adından Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edirəm. Yürütdüyü dövlət siyasətində, xalqa, təhsilə diqqətində ona bol-bol uğurlar arzu edirəm.

Əliyev İsrafil Əhməd oğlu
Füzuli rayon Babı kənd tam orta məktəbinin direktoru, Əfqanıstan müharibəsi iştirakçısı, Qarabağ müharibəsi qazisi, ehtiyatda olan zabit, prezident təqaüdçüsü
