Mehriban Əliyevanın bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib

Onun fəaliyyət və nailiyyətlərinə saysız-hesabsız məqalələr həsr edilib. Hamı Mehriban Əliyevanın yaşından, milliyyətindən və dini inancından asılı olmayaraq minlərlə insanın ürəyini necə fəth edə bildiyini anlamağa çalışır. Cavab, əlbəttə ki, sadədir. Onu ətrafdakıların hamısına humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə sevir və hörmət edirlər. Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.
Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edib ki, müasir Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır, çünki bu amillər bir-birilə bağlıdır və bütövlükdə xeyriyyəçilik sahəsində dəyişikliklər tələb edən, eyni zamanda, bunun üçün zəruri imkanlar yaradan prinsipcə yeni mühit formalaşdırır.
Onun rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi oldu. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.
Mehriban xanım Əliyeva hər zaman iş başında, xalqın arasındadır. Fədakar əməyinin nəticələrini görmək, ölkəsinin vətəndaşlarına hansısa faydalar vermək bu görkəmli dövlət adamı üçün ən böyük xoşbəxtlikdir. Çox vaxt deyirlər ki, şəxsiyyətin yaşı yoxdur. Mehriban xanımın qərar tutduğu şəxsiyyət ucalığı, yaşadığı mənalı ömür isə milyonlarla insana etdiyi yaxşılıqların yaşındadır, bəşəriyyətə verdiyi xeyirli əməllər qədərdir. Mehriban xanım Əliyeva hər bir dünya azərbaycanlısı üçün doğma bir insandır. Bu doğmalığı Birinci vitse-prezident xoş əməllərinin işığı, hər kəsə isti münasibəti, saflığı, səmimiyyəti ilə qazanıb.

Hüseynova Təranə Umud qızı
“Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin fəxri üzvü
