Cəhalətin gətirdiyi yersiz cəsarət

Özünü hər sahənin dhası hesab edən savadsızların arxasındakı elmi sirr — Danning-Kruger effekti
Faktum.az-ın nəlummatına görə, hər hansı bir mövzu haqqında demək olar ki, heç bir dərin biliyi və ya təcrübəsi olmayan insanların özlərini həmin sahənin mütəxəssisi kimi təqdim etməsi, öz bacarıqlarını həddindən artıq şişirtməsi, əsl peşəkarların isə əksinə, özlərindən şübhə edərək geri çəkilməsi elmdə “Danning-Kruger effekti” adlanır.
Kornell Universitetinin psixoloqları Castin Danning və Devid Kruger tərəfindən aparılan və 2000-ci ildə onlara İq Nobel mükafatı qazandıran bu araşdırma, insan beyninin özünüqiymətləndirmə mexanizmindəki ən böyük qüsurlardan birini üzə çıxarıb.
Bu psixoloji fenomenin elmi səbəbi olduqca bəsit, lakin sarsıdıcıdır: bir insanın öz sahəsində nə dərəcədə qabiliyyətsiz və ya savadsız olduğunu anlaması üçün belə, ilk növbədə müəyyən səviyyədə biliyə ehtiyacı var. Başqa sözlə, cəhalət təkcə biliksizlik yaratmır, həm də insanın öz biliksizliyini dərk etməsinə mane olan “metakoqnitiv” (öz düşüncələri haqqında düşünmə) bacarığı sıfırlayır. Məhz buna görə də, mövzu haqqında cəmi bir neçə məqalə oxuyan və ya video izləyən şəxs özünü “mütəxəssis sıldırımı” (Mount Stupid) adlandırılan özünəinamın pik nöqtəsində hiss edir; lakin insan oxuduqca, öyrəndikcə və sahənin dərinliyinə endikcə əslində nə qədər az şey bildiyini fərq edir və özünəinam qrafiki kəskin şəkildə aşağı düşür.
Elm dünyasının tez-tez müraciət etdiyi bu fenomen, cəmiyyətdə ən çox səs-küy salan və qətiyyətli danışan adamların niyə adətən ən savadsız şəxslər olduğunu mükəmməl şəkildə izah edir.
