Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Cavid dühası, ya Şekspir dünyası?

23 Noyabr 2026, 11:30 Mədəniyyət
728×90

Dünya əsrlərdir Şekspir qələminin “əfsanə”sinə heyranlığını ifadə edib bitirə bilmir. Hətta Şekspiri Yunan mifologiyasının allahları ilə bərabər tuturlar (hərçənd o “allahlar” özlərinə çarə qılmaqdan aciz ikən). Əsla düşünməyin ki, bizim məqsədimiz Şekspirin dramaturgiyasına kölgə salmaqdır. Sadəcə, əsərlərinin bədii-fəlsəfi yönünü Hüseyn Cavid dramaturgiyası ilə “tərəziyə qoymağa” çalışırıq.

Şekspirin “Kral Lir”, “Otello”, “Hamlet”, “Romeo və Cülyetta”, “Maqbet” kimi dünya şöhrətli əsərlərinin süjet xətti insanın dünyəvi həzz və nəfsini, qəzəb və peşmanlığını, hərislik və xəyanətini, inamsızlıq və qısqanclığını, nankorluq və cinayətlərini əks etdirir. “Otello”da dövrün və cəmiyyətin nadanlığından qaynaqlanan qısqanclıq zəminində baş verən cinayət sıradan yaşanan bir həyat hekayəsidir və çox təəssüf ki, günümüzdə hər an bununla qarşılaşırıq. Görünən o ki, istər XVI əsr Şekspirin yaşadığı dövr olsun, istərsə də XIX əsr, insan zəkası dəyişməyib.

“Kral Lir” əsərində taxt-tac uğruna övladların ataya, bacıların bacıya etdikləri xəyanət insan nəfsinin çirkinliyini ortaya qoyur, lakin fəlsəfi düşüncə formalaşdırmağa yetmir. Dünyanı ağladan “Romeo və Cülyetta” iki aşiqin yarımçıq qalan eşq hekayəsini əks etdirir. Lakin gənclər aşıq olmaqla yanaşı, eşqdən kam almış gizli ər-arvad idilər. İki gəncin faciəsi insanın duyğularını kövrəldir. Digər tərəfdən, bir-birinə qovuşmuş gənclər ailələrin qan düşmənçiliyi səbəbilə birlikdə yaşamağın mümkün olmadığını, Cülyettanın bakirə olmaması, Romeonun qadınını qoruya bilməyəcəyinin çarəsizliyi səbəbilə ölümü seçdilər.

Hüseyn Cavid əsərlərinə gəlincə, yalnız “İblis” dramı insanı öz-özünü sual qarşısında qoyur: “Bir gün mən də Arif kimi nəfsim üçün sevdiklərinin qatili ola bilərəm?” Cavid əfəndi “İblis” əsəri ilə oxucuya elə bir dərin fəlsəfi düşüncə təlqin edir ki, insan etdiyi pis əməllərin günahını kənardan gələn “İblis”də deyil, nəfsinin qulu olan insanın iblisə dönüşündə dərk etdirir. Məhəbbəti tərənnüm edən “Şeyx Sənan” əsərində isə insanın eşq uğruna vətəni tərk etməyin, məqamı silib atmağın, inamı qurban verə bilməyin və eşq uğruna candan keçməyin bədii-fəlsəfi tablosunu yaradıb.

Hüseyn Cavidin “Ana” pyesi, subyektiv düşüncə tərzi olaraq söyləmək istəyirik ki, mübaliğəsiz dünya ədəbiyyatında əvəzsiz əsərdir. Bilmədən oğlunun qatilinə sığınacaq verən ana həqiqəti öyrəndikdən sonra qisas hissi ilə qərar vermir. Övlad acısının yanğısı insan olaraq verdiyi sözün önünə keçə bilmir. İnsanın qəlbinin genişliyi hansı hüdudlarda olmalıdır ki, övladının qatilini xilas etsin? Ananın yaşadığı övlad yanğısı onu İblisə döndərə bilmədi.

Hüseyn Cavid fəlsəfəsi yalnız bədii düşüncəni əks etdirmir, düşüncənin seçginliyini, fərqli həyata baxış bucağını ortaya qoyur. Bəs biz Cavid əfəndinin təkrarolunmaz bədii-fəlsəfi düşüncə tərzini dünyaya çatdıra bilirikmi? Əfsuslar olsun ki, xeyir. Əsərlərinin mənəvi ağırlığı ilə Şekspirin əsərlərindən qat-qat yüksək mövqedə dayanan Hüseyn Cavidin cismi rejimin repressiya qurbanı oldu. İrsini biz qurban etməyək.

Cavid dühasını dünyaya tanıdaq. Dünya insan donunda iblislərlə dolub-daşarkən, Cavid əfəndinin “İblisi” ilə ən azı bir damla “qanı dayandıraq”, “Şeyx Sənan”ı ilə sevdiklərimizin dəyərini bilək.

Tərifə Şükürqızı

728×90
Paylaş: