Boşandınız. Bəs krediti kim ödəyəcək?

Boşanma zamanı əmlak bölünür. Bəs nikah dövründə götürülmüş kredit borcu necə olacaq?
Çoxları düşünür ki, kredit kimin adınadırsa, borc da yalnız onundur.
Amma məsələ həmişə bu qədər sadə deyil.
Ali Məhkəmənin ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı hüquqi yanaşmasına görə, nikah dövründə götürülmüş borcun ailənin ehtiyacları üçün istifadə edilməsi mühüm əhəmiyyət daşıyır. Borc hesabına əldə edilmiş əmlak da müəyyən hallarda ər-arvadın ümumi əmlakı kimi qiymətləndirilə bilər.
Məsələn, kredit:
ev almağa, evin təmirinə, avtomobilə və ya digər ailə ehtiyaclarına xərclənibsə, əmlak bölgüsü zamanı həmin borcun təyinatı da araşdırılmalıdır.
Amma ər və ya arvaddan biri krediti şəxsi məqsədləri üçün götürüb və vəsait ailənin ehtiyaclarına sərf edilməyibsə, vəziyyət fərqli qiymətləndirilə bilər.
Burada vacib bir fərq də var:
Ər-arvadın öz aralarında borcun necə bölünməsi ilə bank qarşısındakı kredit müqaviləsi üzrə öhdəlik eyni məsələ deyil. Bankla münasibətdə kredit müqaviləsinin tərəfləri və müqavilənin şərtləri ayrıca əhəmiyyət daşıyır.
Ona görə boşanarkən yalnız:
“Ev kimə qalacaq?” sualını verməyin.
Bir də soruşun:
“Bu evə, avtomobilə və ailəyə görə götürülmüş kredit kimdə qalacaq?”
Kredit və əmlak məsələsini birlikdə araşdırmaq lazımdır.

Zaur Quliyev
Hüquqşünas | Mediator
099 711 95 99
