Rayt Qardaşları Və Mühərrikli Aviasiyanın Doğuluşu

İnsanlığın əsrlər boyu quşlar kimi səmada sərbəst süzmək, üfüqləri aşmaq arzusu 17 dekabr 1903-cü ildə Şimali Karolinanın Kit-Hok (Kitty Hawk) qumluqlarında real gerçəkliyə çevrildi.
Faktum.az xəbər verir ki, amerikalı qardaşlar – Uilbur və Orvil Rayt (Wilbur & Orville Wright) tərəfindən layihələndirilən və idarə olunan “Flyer I” təyyarəsi, bəşər tarixində havadan ağır olan, mühərriklə çalışan və idarə edilə bilən ilk uğurlu uçuşu gerçekleştirdi.
Rayt qardaşlarını öz dövrünün digər aviasiya pionerlərindən fərqləndirən əsas amil, onların yalnız mühərrikin gücünə deyil, aerodinamik idarəetmə sisteminə fokuslanmaları oldu. Onlar başa düşürdülər ki, təyyarəni havaya qaldırmaq kifayət deyil; onu havada üç ox boyunca (yellanma, meyl və istiqamət) sabit saxlamaq və yönləndirmək lazımdır. Velosiped təmiri və istehsalı ilə məşğul olan qardaşlar, mexaniki biliklərini aerodinamika ilə birləşdirərək öz kiçik külək tünellərini qurdular və yüzlərlə qanad profilini sınaqdan keçirdilər. Onların icad etdiyi “qanad əyilməsi” (wing warping) sistemi müasir təyyarələrdəki eleronların ilk prototipi oldu.
Həmin tarixi dekabr günündə Orvil Raytın idarə etdiyi ilk uçuş cəmi 12 saniyə sürdü və təyyarə 36,5 metr məsafə qət etdi. Lakin həmin gün həyata keçirilən dördüncü və ən uzun uçuşda Uilbur Rayt 59 saniyə havada qalaraq 260 metr məsafə qət etməyi başardı. Bu qısa saniyələr və kiçik məsafə, əslində qlobal nəqliyyat, hərb, ticarət və mədəniyyət tarixini kökündən dəyişdirəcək aviasiya erasının başlanğıcı idi.
