Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığında yeni mərhələ

Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığında yeni mərhələ
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə tarixi dostluq və qardaşlıq bağlarından daha geniş iqtisadi əməkdaşlıq müstəvisinə keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin əsas göstəricilərindən biri ölkələr arasında ticarət dövriyyəsinin sürətlə artması və qarşılıqlı investisiya layihələrinin genişlənməsidir. Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat da bu inkişafın miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoyub.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Özbəkistan arasında bir milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq artıq uzaq və əlçatmaz perspektiv deyil. Bu hədəf yaxın bir neçə il ərzində reallaşması gözlənilən konkret nəticə kimi qiymətləndirilir. Bu isə iki ölkə arasında iqtisadi münasibətlərin hansı sürətlə inkişaf etdiyini göstərən mühüm göstəricidir.
Əslində, bugünkü nəticələr təsadüfi deyil. Özbəkistanda Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar və Azərbaycanın iqtisadi inkişaf modeli iki ölkənin əməkdaşlığı üçün yeni imkanlar yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şavkat Mirziyoyev Özbəkistana rəhbərlik etməyə başlamazdan əvvəl Azərbaycan ilə Özbəkistan arasında birgə layihələr mövcud deyildi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Müxtəlif sahələrdə birgə müəssisələrin yaradılması, investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı ticarətin genişləndirilməsi yeni iqtisadi reallıq formalaşdırıb.
İki ölkənin iqtisadiyyatlarının paralel şəkildə inkişaf etməsi əməkdaşlığın möhkəm təməlini təşkil edir. Qarşılıqlı investisiyaların artırılması, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələrdə yeni layihələrin reallaşdırılması tərəfdaşlığın uzunmüddətli xarakter daşıdığını göstərir. Bu əməkdaşlıq yalnız iqtisadi göstəricilərin artmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, istehsal və ixrac imkanlarının genişlənməsinə xidmət edir.
Azərbaycan–Özbəkistan münasibətlərinin əhəmiyyəti ikitərəfli əlaqələrlə məhdudlaşmır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsi regionun ümumi iqtisadi və nəqliyyat potensialını gücləndirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulması bu prosesin coğrafiyasını daha da genişləndirib. Bu istiqamətdə Özbəkistanın xüsusi rolu və təşəbbüsləri də diqqət çəkir.
Bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi Azərbaycan–Özbəkistan münasibətlərində yeni iqtisadi mərhələnin simvoluna çevrilir. Bu hədəfə aparan yol artıq qurulmuş möhkəm təməl, qarşılıqlı etimad, siyasi iradə və artan investisiya əməkdaşlığı üzərində formalaşır. Azərbaycan və Özbəkistanın inkişaf strategiyalarının bir-birini tamamlaması isə qarşıdakı illərdə həm ikitərəfli, həm də regional miqyasda daha böyük iqtisadi layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır.
Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini
