Azərbaycan neftinin Vyetnam bazarına çatdırılması iki ölkənin enerji sahəsində əlaqələrinin mühüm istiqamətinə çevrilib

Azərbaycan neftinin Vyetnam bazarına çatdırılması iki ölkənin enerji sahəsində əlaqələrinin mühüm istiqamətinə çevrilib
Vyetnamın Milli Neft və Qaz Şirkəti – Petrovietnam da ölkənin enerji və sənaye sahəsində aparıcı müəssisələrindən biridir. Şirkət neft və qaz yataqlarının kəşfiyyatı, hasilatı, emalı, neft-kimya sənayesi və enerji təminatı istiqamətlərində fəaliyyət göstərir.
Bu iki böyük dövlət şirkətinin əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır. Azərbaycan neftinin Vyetnama ixracı, Vyetnamın neft emalı müəssisələrinin xammalla təmin olunması, texniki xidmətlər, mütəxəssis hazırlığı və yeni yataqların işlənməsi bu əməkdaşlığın əsas istiqamətlərindəndir.
2015-ci il mayın 14-də Azərbaycan və Vyetnam prezidentlərinin iştirakı ilə SOCAR və Petrovietnam arasında neft-qaz sənayesində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu sənəd iki şirkət arasında əlaqələrin hüquqi və təşkilati əsaslarının genişləndirilməsi baxımından əhəmiyyətli addım olub.
Sonrakı illərdə tərəflər arasında praktiki əməkdaşlıq daha da inkişaf edib. Xüsusilə Azərbaycan neftinin Vyetnam bazarına çatdırılması iki ölkənin enerji sahəsində əlaqələrinin mühüm istiqamətinə çevrilib. 2010-cu ildən 2025-ci ilin yanvar ayının sonunadək SOCAR-ın törəmə şirkəti olan SOCAR Trading vasitəsilə Vyetnamın Dung Quat neft emalı zavoduna ümumilikdə təxminən 31,7 milyon barel, başqa sözlə, 4,34 milyon ton Azərbaycan nefti göndərilib. Bu tədarüklərin ümumi dəyəri təxminən 2,55 milyard ABŞ dolları təşkil edib. Bu rəqəmlər əməkdaşlığın yalnız sənədlər üzərində qalmadığını, real iqtisadi nəticələr verdiyini göstərir.
Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında 2025-ci il xüsusi mərhələ təşkil edir. Həmin il mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat qəbul edilib. Səfər zamanı SOCAR ilə Petrovietnam arasında da əməkdaşlıq haqqında anlaşma memorandumunun mübadiləsi həyata keçirilib. Eyni zamanda, SOCAR Trading Singapore və Vyetnamın Binh Son Refining and Petrochemical şirkəti arasında Dung Quat neft emalı zavodunun uzunmüddətli xam neftlə təmin olunması ilə bağlı memorandum imzalanıb.
Bundan başqa, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, hasilat, texniki xidmətlər, elmi tədqiqat və mütəxəssis hazırlığı məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. Bu sənədlərin imzalanması onu göstərir ki, Azərbaycan və Vyetnam artıq mövcud ticarət əlaqələrini daha geniş və uzunmüddətli iqtisadi tərəfdaşlığa çevirmək niyyətindədirlər. Əsas məqsəd yalnız neft alqı-satqısını artırmaq deyil, həm də iki ölkənin enerji sənayesinin imkanlarını birləşdirmək, yeni layihələr həyata keçirmək və qarşılıqlı investisiyaları təşviq etməkdir.
Bu baxımdan SOCAR və Petrovietnam arasında əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi inkişaf strategiyası ilə uzlaşır. Çünki müasir dövrdə enerji sahəsində uğur qazanmaq üçün yalnız təbii sərvətlərə malik olmaq kifayət etmir. Bununla yanaşı, müasir texnologiyalardan istifadə, güclü kadr potensialı, düzgün idarəetmə və beynəlxalq bazarlarda etibarlı tərəfdaşlarla işləmək də vacibdir.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim
